Minsk qrupu sözün həqiqi mənasında ikili standart müəlliflərinin əlində oyuncağa çevrilib.

 

ATƏT-in Minsk Qrupu yarandığı dövrdən bu qurumda güc mərkəzlərinin təsir imkanları ilə bağlı mübarizə getmişdir.

 

 

 

ATƏT-in – keçmiş ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan –Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında isə həmsədrlik institutu təsis edilmiş, Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişlər. 1997-ci il yanvarın 1-dən isə ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.Qrupun tərkibinə ABŞ, Fransa və Rusiyadan başqa Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə və Finlandiya da daxildir.

 

Ötən müddətdə ATƏT-in Minsk Qrupu Ermənistanın danışıqlar prosesinə törətdiyi əngləri görməzdən gələrək, işğalçı ilə işğala məruz qalan ölkə arasında heç bir fərq qoymadı. Həmsədr ölkələrdən biri acıq və aydın formada Ermənistanın silahlandırmaqla məşğuldur.

Danışıqlar prosesinin həlledici məqamı yaxınlaşdıqda, Ermənistan müxtəlif bəhanələrlə prosesi başlanğıc nöqtəsinə aparmaqla, sülh prosesinə ciddi zərbə vurur. Ermənistanın sülh prosesini pozmağa yönələn addımları heç vaxt Minsk Qrupunun həmsədrləri tərəfindən qınanmadı.

 

Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərmələri də məhz beynəlxalq təşkilatların, xüsusən münaqişə ilə bağlı birbaşa mandat alan Minsk Qrupunun həmsədrlərinin və həmsədrlərin təmsil olunduqları ölkələrin ermənilərə birbaşa havadarlıq etməsinin nəticəsidir.

Düzdür ermənilər 2016-cı ilin aprelində olduğu kimi, bu dəfə də layiqli cavablarını aldırlar.

 

Azərbaycan Ordusunun güclü təzyiqi ilə qarşılaşan Ermənistan silahlı qüvvələri böyük itkilər verərək geri çəkilməyə məcbur oldu.

Lakin münaqişənin nizamlanması cavabdeh olan bir təşkilatın bu cür mövqesizliyi dözülməzdir.

 

Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə qiymət vermək üçün, əldə olunan nəticələrə baxmaq lazımdır. Nəticələr isə nəinki yoxdur. Hətta hazırda regionda müharibənin yenidən alovlanmasını hər an gözləmək olar. Çünki Ermənistanın təxribata yönəlik addımları və xüsusən sülh prosesini uzatmaq məqsədilə atdığı bu addımlar Azərbaycanı ciddi formada narahat edir.

Hər dəfə Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə təxribatlar törədəndə, dinc əhalini qətlə yetirəndə, yaşayış məntəqələrinə ciddi ziyan vuranda ATƏT-in Minsk qrupu mənasız bəyanatlarla çıxış edərək, tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır. Təşkilat unudur ki, onlara münaqişənin həll olunması hüquq verilib.

 

Minsk Qrupunun “fəaliyyət”inin bir spesifikliyi də ondan ibarədir ki, silahların danışdığı vaxtda, bu qurum yoxa çıxır və vəziyyət nisbətən sakitləşdikdən sonra görünməyə və danışmağa başlayır.

Tovuz hadisələrində də göründüyü kimi, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti faktiki olaraq gözə görünmədi. ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasına o dərəcədə laqeyd yanaşır ki, bəyanatı təxribat törədilən vaxtdan xeyli keçmiş – 14 sentyabrda verdi. Tovuz hadisələri zamanı, silahların danışdığı anda ATƏT-in Minsk Qrupu həmişəki kimi susdu. Minsk Qrupunu yəqin ki, öz funksiyasını dinc dövr üçün xarakterik sayır, çünki onların işi regiona turistik səfər etmək, yemək-içməkdən ibarətdir.

 

ATƏT-in Minsk qrupu¬na həmsədrlik edən nümayəndələr və onların təmisl olunduğu dövlətlər münaqişədə kimin haqlı olduğunu çox yaxşı bilirlər.

Onu da yaxşı bilirlər ki, bu təşkilatın qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyi¬nin bərpasının zəruriliyi bildirilir.

Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) həmsədrləri münaqişədə Ermənistanın Azərbaycana hərbi təcavüzündən birbaşa söhbət açmır, hər hansı bir sanksiya tətbiq etmir, münaqişənin ədalətli həlli yolu istiqamətində irəliyə doğru bir addım da atmır.

Həmsədrlər “tərəfsiz vasitəçilik” missiyasını, prosesə münasibətsizlik kimi realizə etməkdədirlər. Və yaxud münaqişənin həlli üçün tərəflərin razılığını irəli sürürlər. Əgər münaqişənin ni¬zamlanmasında tərəflər öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılmasına nə ehtiyac var idi? Bəs bu qurum vasitəçilik mis¬siyasını niyə öz üzərinə götürürdü və 30 ilə yaxın müddətdə kimi dünyanı aldadırdı?

 

Bu müddət ərzində təcavüzkarı öz adı ilə çağırmağa özündə cəsarət tapa bilməyən, işğalçı ölkəyə “gözün üstə qaşın var” deməyən, eyni za¬manda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbir görə bilməyən ATƏT-in Minsk qrupunun, özünü ortalığa atmaqda məqsədi nədir? Elə buna görə də bu təşkilat həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət arasında nüfuzunu tamamilə itirib. Artıq Minsk qrupuna olan ümidlər heçə enib.

 

Ölkə başçısı da dəfələrlə qeyd edib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən, daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Ancaq hər şey bunun əksinə baş verir. Bu qurumun üzvlərinin biri təcavüzkarı silahlandırır. Digərləri isə işğal siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə göz yumur.

Azərbaycanın bütün təklifləri və atdığı addımlar beynəlxalq hüquqa əsaslanır. Azərbaycan xalqı da beynəlxalq qurumlardan və xarici ölkələrdən ölkəmizə qarşı eyni mövqeyi sərgilənməyi tələb edir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət və xarici ölkələr də fəaliyyətdə olan bu “fəaliyyətsiz” qurum haqqında öz mövqelərini bildirməlidirlər.

 

Cəsarət Hüseyznadə

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri