Nərmin Məmmədova,
MG Consulting şirkətinin hüquqşünası
2017-ci ildə Macarıstan Parlamenti xaricdən dəstəklənən təşkilatların şəffaflığı haqqında LXXVI saylı Qanunu ("Şəffaflıq haqqında Qanun") təsdiqlədi. Bu qanun xaricdən dəstək alan vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lərin) necə qeydiyyatdan keçməli və hesabat verməli olduğunu tənzimləyir. Avropa İttifaqı ölkələrində qəbul olunmuş bu tip ilk qanun olduğu üçün, bu qanun Macarıstan VCT-lərinin işinə və qarşılıqlı fəaliyyətinə böyük maneə kimi qiymətləndirildi.
Şəffaflıq Qanununun preambulası xaricdən gələn yerli VCT-lərə dəstəyin “Macarıstanın ictimai və siyasi həyatında ümumi məqsədlərə nail olmaqdan çox xarici təşkilatların maraq qrupları tərəfindən öz maraqlarını təbliğ etmək üçün istifadə edildiyini” qeyd edərək, bununla potensial olaraq ölkənin siyasi və iqtisadi maraqlarına müdaxilə edərək onları təhdid edə biləcəyini bildirdi.
Avropa Komissiyası Şəffaflıq Qanununun Avropa İttifaqı (Aİ) qanunvericiliyinin müddəalarını pozduğunu iddia edərək, Aİ-nin Fəaliyyət göstərməsi (TFEU) Müqaviləsinin 258-ci maddəsinə əsaslanaraq Macarıstana qarşı pozuntu proseduru açdı. Komissiyanın fikrincə qanun Aİ qanunvericiliyinin ən başlıca kapitalın hərəkət etmə azadlığı, həmçinin fərdi və ailə həyatına hörmət, fərdi məlumatların qorunması və sərbəst toplaşmaq və birləşmək azadlığı müddəalarını pozur. Aİ qanunvericiliyinə görə (Maddə 65, TEU), kapitalın sərbəst hərəkətinə məhdudiyyətlər yalnız ictimai maraqlar üçün xüsusi bir səbəblə, yəni dövlət siyasəti və ictimai təhlükəsizlik ilə əsaslandırıla bilər və bu məqsədə uyğun və mütənasib olmalıdır.
Avropa Ədalət Məhkəməsinin (AƏM) 18 iyun 2020-ci il tarixli qərarı Macarıstan dövləti üçün məcburidir. İndi Macarıstan Aİ qanunlarını pozan müddəaları dəyişdirmək və ya qanunu tamamilə ləğv etmək məcburiyyətindədir. Əks təqdirdə iş ikinci dəfə AƏM-də qaldırıla və ölkə üçün cərimə ilə nəticələnə bilər. Bununla yanaşı, Macarıstan VCT-ləri AƏM-nin bu qərarını öz milli məhkəmələri qarşısında qaldıraraq, Aİ qanunlarını pozan müddəaların birbaşa rədd edilməsini tələb edə bilər. Qərara dair rəsmi Aİ məlumatı ilə buradan tanış olmaq olar: https://curia.europa.eu/jcms/upload/docs/application/pdf/2020-06/cp200073en.pdf












