"İşğaldan azad edilmiş ərazilərə, torpaqlarımıza Böyük Qayıdış proqramı çərçivəsində əhalinin qayıtması təbii ki, tarixi hadisədir və hər birimizi sevindirir. Addım-addım işğaldan azad olunmuş torpaqlarımız dirçəlir. Quruculuq, abadlıq işləri görülür, əhali ora köçürülür. Bu, əlbəttə ki, ictimaiyyət tərəfindən, əhalimiz tərəfindən yüksək qiymətləndirilir, yüksək dəyərləndirilir və biz otuz il həsrət çəkmiş insanlar kimi bu addımların hər birini ictimai hadisə kimi qəbul edirik".
Bu fikirləri Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib.
R.Zeyninin sözlərinə görə, Xankəndiyə 102 nəfərin köçürülməsi və insanların doğma yurdlarına qayıtması böyük ictimai və milli əhəmiyyət daşıyır:
"Təbii ki, bu gün də bütün digər rayonlarımız və şəhərlərimiz kimi Qarabağın Xankəndi şəhərinə 102 nəfərin köçürülməsi, yəni öz doğma yurduna qayıtması böyük ictimai əhəmiyyət daşıyır. Eyni zamanda, əlbəttə ki, əhalinin köçürülməsi, həyatın bərpa olunması, insanların öz doğma yurd-yuvalarına qayıtması çox böyük hadisə olmaqla yanaşı, həm də milli və ictimai hadisədir".
Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyəti tikinti-quruculuq, dirçəliş və qayıdış proseslərinə öz töhfəsini verir:
"Bu baxımdan, vətəndaş cəmiyyəti də bu tikinti-quruculuq işlərini, dirçəliş və qayıdış proseslərini yüksək dəyərləndirməklə yanaşı, hər zaman öz töhfəsini verir. Təbliğat aparılır, ərazilərə ziyarətlər təşkil olunur. Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və digər rayonlar ziyarət olunur. Bu ziyarətlər, əlbəttə ki, həm də böyük bir təbliğat materialına çevrilir. İnsanlar öz sosial media hesablarında, sosial şəbəkələrində, o cümlədən Azərbaycanın aparıcı mediasında bu səfərləri paylaşırlar. Televiziyalarda da bu səfərlər işıqlandırılır və bu da bir tərəfdən ictimaiyyətin bu proseslərdə iştirak etməsini təmin etmiş olur".
Sədr vurğulayıb ki, müxtəlif tədbirlərin keçirilməsi qayıdış prosesinin ictimai iştirakçılığını daha da genişləndirir:
"Müxtəlif tədbirlərin keçirilməsi — simpoziumlar, seminarlar, konfranslar və digər tədbirlər — bu gün həmin ərazilərdə çox böyük vüsət alır. Əhali o proseslərdə iştirak edir. Bir sözlə, qayıdan həyat bərpa olunur".
R.Zeyni qeyd edib ki, Böyük Qayıdış çərçivəsində vətəndaş cəmiyyətinin də həmin ərazilərdə formalaşması təmin edilməlidir:
"Əlbəttə ki, bizim üzərimizə düşən xüsusi bir vəzifə də var. O da ondan ibarətdir ki, Böyük Qayıdış çərçivəsində bütün əhalimizin qayıtdığı şəhər və rayonlarda biz vətəndaş cəmiyyətinin də formalaşmasını təmin etməliyik. Vətəndaş cəmiyyətinin orada fəaliyyətinin bərpa olunmasına nail olmalıyıq. Bu bizim qarşımızda duran vəzifədir".
Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyətinin fəaliyyətinin bərpası ilə bağlı proseslərin yaxın gələcəkdə həyata keçəcək.
Sonda o qayıdışımızın və dirçəlişimizin xeyirli olsun, uğurlu olmasını arzulayıb.






