Pediatrların apardığı geniş araşdırma uşaqlarda elektron siqaret istifadəsini öskürək, xırıltılı nəfəs, bronxit əlamətləri və astma tutmaları kimi tənəffüs problemləri ilə əlaqələndirib.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya görə, elektron siqaret istifadəsi nikotin asılılığına və sonradan siqaret çəkməyə keçid riskini də artırır. Mütəxəssislər elektron siqaretin yeniyetmələr üçün zərərsiz məhsul kimi qəbul edilməməli olduğunu vurğulayıblar.
Archives of Disease in Childhood jurnalında yayımlanan araşdırmada 14 min məqalə və 81 elmi tədqiqat nəzərdən keçirilib. Nəticələr elektron siqaret istifadəsinin ağız və diş sağlamlığı problemləri, həmçinin narahatlıq və depressiya kimi psixi sağlamlıqla bağlı mənfi nəticələrlə əlaqəli olduğunu göstərib.
Mütəxəssislər uşaqların elektron siqaretlərdən qorunması üçün onların reklam və marketinqinə daha ciddi nəzarət edilməsinə çağırıblar. Onların sözlərinə görə, xüsusilə şirniyyata bənzəyən və uşaqlara cəlbedici olan məhsullar narahatlıq doğurur.
Böyük Britaniya hökuməti isə uşaqları nikotin asılılığından qorumaq məqsədilə birdəfəlik elektron siqaretləri artıq qadağan etdiyini, gələcəkdə isə reklam və sponsorluğa da məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.
Zəhra Mansırova






