Şərqi Qrenlandiyada dəniz buzlarının sürətlə əriməsi nəhəng balinaların əvvəllər daxil ola bilmədikləri ərazilərə yayılmasına səbəb olub. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində dəniz suyunun istiləşməsi və buzların geri çəkilməsi qozbel, fin və minke balinaları üçün yeni qidalanma sahələri açıb. Bununla yanaşı, narval və ağ balina kimi Arktikaya xas növlər yaşayış mühitini itirmək təhlükəsi ilə üzləşib.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, onilliklər davam edən araşdırma zamanı yay aylarında bölgədə yüzlərlə qozbel, fin və minke balinası qeydə alınıb. Gəmilər vasitəsilə aparılan müşahidələrdə 2006-cı ilə qədər bölgədə bir dənə də olsun qozbel balina qeydə alınmasa da, 2024-cü ildə onların sayı 150-yə çatıb.
Tədqiqatçılar 2015 və 2024-cü illərdə aparılan hava müşahidələrini peyk ötürücüsü quraşdırılmış 15 balinanın hərəkət marşrutları və inuit ovçularının məlumatları ilə müqayisə ediblər. Araşdırmaya rəhbərlik edən professor Mads Peter Heide-Jørgensen bunu “böyük ekoloji rejim dəyişikliyi” kimi qiymətləndirib.
Hesablamalara görə, 2024-cü ilin yayında bölgəyə təxminən 4 min qozbel, 6 min fin və 6 min minke balinası gəlib. Alimlər hesab edirlər ki, bu dəyişiklik dəniz suyunun temperaturunun artması və balıq, eləcə də kril ehtiyatlarının çoxalması ilə əlaqədardır. Yay mövsümündə bu üç balina növünün ümumilikdə 800 min tondan çox balıq və kril istehlak etdiyi təxmin edilir.
Araşdırma balinaların ümumi sayının artdığını, yoxsa sadəcə digər bölgələrdən köç etdiyini dəqiq müəyyən etməsə də, mütəxəssislər iqlim dəyişikliyinin bəzi növlər üçün yeni imkanlar yaratdığını, Arktikaya xas digər növlər üçün isə ciddi təhlükə yaratdığını vurğulayırlar.
Zəhra Mansırova






