Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, İctimai şuranın sədri, millət vəkili, akademik Nizami Cəfərov, baş idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər və əməkdaşları iştirak ediblər.
QHT.az xəbər verir ki, "Bakı" qalereyasının direktoru Eldəniz Babayev keçirilən dinləmədə rəssamların qarşılaşdığı problemlər və onların aradan qaldırılması üçün atıla biləcək addımların dəyərləndirilməsi haqqında çıxış edib. Vergi münasibətlərinə də toxunan Eldəniz Babayev qeyd edib ki, mədəniyyət sahəsində özəl sahələr var və onların qalereyası da Bakı adlansa da özəl sayılır: “Dünyanın bir çox şəhərlərində, paytaxt şəhərlərində rəssamlar vergidən azaddır. Azərbaycanda təsviri sənətlə məşğul olan bir ordu var. Rəssam özəl qalereyadan vəsait qazanırsa, təbii ki, dövlətə də müəyyən vəsait ödəməlidir, bu labüddür. Azından vergi güzəştləri təmin olunmalıdır. Düşünürəm ki bu vəsadət qaldırmaq lazımdır. Bu gün təsviri incəsənəd avadanlıqları nə qədər baha olduğu və bizdə istehsal olunmadığı da məlumdur. Ulu öndər tərəfindən Sərəncam var idi. Kim xalq rəssamıdır, əməkdar incəsənət adamıdır onların fəaliyyət göstərdiyi emalatxanalar özəlləşdirilirdi. İndi əmlak komitəsi külli miqdarda vəsait istəyir”.
Qeyd edək ki, "Bakı" qalereyası 2006-cı ilin yanvar ayında təşkil olunub. Şəxsi, ümumi sərgilər, təqdimatlar üçün nəzərdə tutulub. Məqsəd - Azərbaycan İncəsənətini təbliğ etməkdir.
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı












