“44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərindən sonra insan hüquqlarının müdafiəsi sahəsində yeni era başlayıb. BMT İnsan Hüquqları Məhkəməsinə, Avropa Məhkəməsinə və digər beynəlxalq məhkəmələrə iddialar təqdim olunub və icra prosesi gedir. Azərbaycan dövlətinin hazırda qarşısında duran əsas məsələ məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Azərbaycan bundan sonra da beynəlxalq səviyyədə insan hüquqları sahəsində əsas təşəbbüslərin müəlliflərindən biri kimi çıxış edəcək”.

 

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Azərbaycanın hüquq və azadlıqların qorunması sahəsində bütün beynəlxalq sənəd və konvensiyalara, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə qoşulduğunu və beynəlxalq hüquq normalarının Milli qanunvericiliyə implementasiya edildiyini vurğulayıb. Məhəmməd Quluzadə İnstitutun yaxın vaxtlarda insan hüquqları ilə bağlı pulsuz onlayn kurs təşkil edəcəyini də açıqlayıb.

 

Deputat Bəhruz Məhərrəmov Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən, qəbul edilən qanunvericilik aktlarından danışıb.

 

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov dövlət başçısının ölkədə vəkillik institutunun inkişafına xüsusi diqqət yetirdiyini söyləyib: “Milyonlarla azərbaycanlının öz dilində təhsil ala bilməməsi ciddi bir problemdir. Biz də vəkillər olaraq beynəlxalq səviyyədə də bu problemin qaldırılmasına çalışmalıyıq”.

 

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova insan hüquqları sahəsində birgə fəaliyyət üçün koordinasiya şurasının yaradılmasını təklif edib: “İstəyərdim ki, əl-ələ verək, bir işçi qrupu, koordinasiya şurası yaradılsın. Bu prosesə vətəndaş cəmiyyətini də cəlb edək”.

 

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu müxtəlif universitetlərin və jurnalistika ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələr arasında 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə elan edib. Müsabiqədə ən yüksək nəticələr göstərən Bakı Dövlət Universitetinin 3 tələbəsi – Eynəddin Həbibov, Arzu Şükürova və Şahid Məhərrəmli hüquq nominasiyası üzrə, BDU-nun jurnalistika fakültəsinin ən yüksək nəticə göstərən 4 tələbəsi – Nuranə Quliyeva, İsa Taralov, Şəms Hüseynli və Elşən Soltanzadə jurnalistika nominasiyası üzrə qalib elan ediliblər. Tədbirdə qaliblərə sertifikatlar və mükafatlar təqdim edilib.