"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi təkcə iki qardaş ölkənin uğuru deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası və regionda davamlı inkişaf baxımından mühüm hadisədir.
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Dövlətlərarası Şuranın üçüncü iclasında qəbul olunan qərarlar göstərir ki, Bakı ilə Bişkek artıq münasibətləri yeni siyasi, iqtisadi və humanitar müstəviyə çıxarıblar.
Bu gün Azərbaycan və Qırğızıstanı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Məhz bu ortaq dəyərlər üzərində qurulan əməkdaşlıq modeli iki ölkənin milli maraqlarını təmin etməklə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. Qarşılıqlı etimada əsaslanan münasibətlər artıq konkret iqtisadi layihələr, investisiya proqramları, nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı və humanitar təşəbbüslərlə zənginləşir.
Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması bu əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını göstərən ən mühüm addımlardan biridir. Bu qərar yeni investisiyaların cəlb edilməsinə, sənaye, kənd təsərrüfatı, logistika, turizm və xidmət sahələrində birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açacaq. İqtisadi əməkdaşlığın genişlənməsi isə öz növbəsində yeni iş yerlərinin yaradılmasına, regionların inkişafına və sahibkarlığın stimullaşdırılmasına xidmət edəcək.
Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri hesab edirik ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın ən böyük perspektivlərindən biri məhz turizm sahəsindədir. Hər iki ölkə zəngin təbiəti, qədim tarixi, milli-mədəni irsi və qonaqpərvərlik ənənələri ilə dünya turizm bazarında mühüm yer tuta bilər. Birgə turizm marşrutlarının hazırlanması, ekoturizm, kənd turizmi, sağlamlıq turizmi və dağ turizmi üzrə ortaq layihələrin həyata keçirilməsi həm iqtisadi gəlirləri artıracaq, həm də xalqlar arasında əlaqələri daha da möhkəmləndirəcək.
Bu baxımdan Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən mühüm körpüdür. Qırğızıstanın bu marşrutdan daha geniş istifadə etməsi təkcə yükdaşımaların deyil, turist axınının da artmasına səbəb olacaq. Bu isə Türk dünyasının vahid turizm məkanına çevrilməsi istiqamətində mühüm addımdır.
Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi də yeni perspektivlər yaradır. Ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji və innovativ texnologiyalar üzrə tərəfdaşlıq gələcəkdə ekoloji cəhətdən dayanıqlı turizm layihələrinin həyata keçirilməsinə imkan verəcək. Yaşıl iqtisadiyyatın inkişafı həm ətraf mühitin qorunmasına, həm də beynəlxalq turistlər üçün daha cəlbedici turizm məhsullarının yaradılmasına xidmət edəcək.
Humanitar əməkdaşlıq münasibətlərin ən güclü sütunlarından biridir. Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin inşa edilməsi Azərbaycan ilə Qırğızıstan arasında qardaşlığın ən gözəl nümunələrindən biridir. Bu layihə təkcə təhsil ocağı deyil, eyni zamanda ortaq tariximizin, mədəniyyətimizin və həmrəyliyimizin gələcək nəsillərə ötürülməsinin rəmzidir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə təşəbbüslər də göstərir ki, Türk dünyası artıq yalnız ortaq tarix və mədəniyyət anlayışı ilə deyil, ortaq iqtisadi maraqlar, nəqliyyat layihələri, investisiyalar və humanitar əməkdaşlıq əsasında yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Qırğızıstan bu prosesin aparıcı iştirakçıları kimi regional sabitliyə və rifaha mühüm töhfə verirlər.
Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri hesab edirik ki, qarşıdakı illərdə Azərbaycan ilə Qırğızıstan arasında turizm, ekologiya, mədəni irsin qorunması, yaşıl iqtisadiyyat, rəqəmsal texnologiyalar və gənclər əməkdaşlığı sahələrində birgə layihələrin sayı daha da artmalıdır. Vətəndaş cəmiyyəti institutları bu prosesdə dövlət qurumlarının etibarlı tərəfdaşı kimi çıxış etməli, xalqlar arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verməlidirlər.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin tarixində yeni səhifə açdı. Bu strateji tərəfdaşlıq modeli təkcə Azərbaycan və Qırğızıstanın deyil, bütün Türk dünyasının inkişafına, regional inteqrasiyanın güclənməsinə və davamlı gələcəyin qurulmasına xidmət edən uğurlu əməkdaşlıq nümunəsidir".
Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərminə Qəribova






