"Son dövrlərdə bəzi araşdırmalar apardım, maraqlı nəticələri mediada dostlar çap etdilər, insanlar oxudular və çox dəyərli, qiymətli fikirlər bildirdilər, belə ziyalıların, oxucuların və dostların diqqət və qayğısına, o cümlədən dəyərinə görə hər birinə təşəkkür edirəm. Beləliklə araşdırmalar davam edir".
Bu sözləri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib.
R.Zeyninin sözlərinə görə, uşaqlıqdan yaddaşında qalan “Qağa” müraciətinin mənşəyi ilə bağlı araşdırmaları onu bu sözün tarixi köklərini araşdırmağa sövq edib:
"Dünyanın düz vaxtlarında, mənim kiçik yaşlarımdan, yəni ağlımız kəsən vaxtlardan, əsasən qohum-əqraba arasında insanların bir-birinə müraciət forması, xüsusilə mənasını bilmədiyim sözlər, adlar, deyimlər mənim yaddaşıma həkk olunurdu və zaman-zaman onların mənasını axtarırdım. Belə sözlərdən biri də konkret bizim eldə, yəni Zəngəzurda və Azərbaycanın başqa regionlarında da babaya, ataya, əmiyə, böyük qardaşa edilən “ay Qağa” müraciəti idi. İnsanlar nəyə görə bir-birinə belə müraciət edirdi və xüsusilə bu müraciətin bəlli coğrafiyasının olması məni son illərdə bu məchulu araşdırmaya daha çox yönəldirdi. Maraqlıdır, çox maraqlıdır bu sözün mənbəyi haradan qaynaqlanırdı? Müasir dövrdə bəzi həmvətənlərimiz bu sözlə bir-birini aşağılayır, hətta təhqir edirdilər, - “bəzi rayonlardan “Qağa”lar yığılıb, gəliblər şəhərə bizim auramızı, mədəniyyətimizi korlayıblar” - deyirdilər. Biz də onlara izah edirdik ki, o regionlar Azərbaycana və bəşəriyyətə böyük dahilər bəxş ediblər, siz heç olmasa onların adlarını bilirsinizmi?"
Rauf Zeyni bildirib ki, apardığı araşdırmalar nəticəsində “Qağa” sözünün milli kimliklə bağlı gizli tarixi kodlardan biri olduğu qənaətinə gəlib:
"Beləliklə mən konkret “QAĞA” sözünü araşdırmağa başladım. Və təvazökarlıqdan uzaq olsa da araşdırmaların nəticəsi olaraq yüz illər boyu gözümüzün önündə olan böyük bir məchulu aşkar edə bildim. Sən demə “QAĞA”, milli kimliyimizin GİZLİ tarixi kodlarından biriymiş. Təəssüf ki, uzun illər boyu ziyalılarımız, alimlərimiz buna diqqətlə fikir verməyiblər. Gəlin sadə məntiqlə sözün ehtimal tarixçəsinə birlikdə baxaq".
R.Zeyninin sözlərinə görə, “Qağa” sözünün kökü qədim türk hökmdarlıq titulu olan “Xaqan” anlayışına bağlanır:
"QAĞA-KAAN-KAĞAN-XAGAN
Bu adların hamısı qədim türk dilindəki “Xaqan” (böyük hökmdar, xanlar xanı) titulundan yaranmışdır".
Rauf Zeyni bildirib ki, “Kağan” və “Xaqan” titulları qədim türk və monqol dövlətlərində ali hakimiyyəti ifadə edirdi:
"Qədim Hun, Göytürk və Monqol imperiyalarında dövlətin başçısına, imperatora “Kağan” və ya “Xaqan” deyilirdi. Bu titul sıravi bir xandan daha üstün, mütləq hakimiyyətə malik şəxsi ifadə edirdi".
Sədr vurğulayıb ki, eyni titul müxtəlif coğrafiyalarda və dövrlərdə fərqli tələffüz formaları ilə işlədilib:
"Bu ad coğrafiyadan və tələffüz üslubundan asılı olaraq müxtəlif formalarda işlənir:
Kağan: Adın ən qədim və orijinal türk formalarından biridir. Ortadakı “ğ” hərfi adın tarixi köklərini və əzəmətini qoruyub saxlayır. Daha çox Türkiyədə və tarixi adlara üstünlük verənlər tərəfindən seçilir.
Kaan: “Kağan” adının zamanla yumşalaraq və qısalaraq müasirləşmiş formasıdır. Tələffüzü və yazılışı daha asan olduğu üçün hazırda həm Türkiyədə, həm də Azərbaycanda son illərin ən populyar oğlan adlarından biridir.
Xaqan (Khagan): Azərbaycan, İran və Mərkəzi Asiya türkləri arasında daha çox yayılan tarixi formadır. Sərt “X” səsi ilə başlayır və birbaşa imperator titulunu xatırladır.
Qaan (Qağan): Xüsusilə Monqol imperiyası dövründə (məsələn, Monqol xaqanları üçün) istifadə olunan və sərt tələffüz edilən variantdır".
R.Zeyninin sözlərinə görə, bu adlar liderlik və dövlətçilik keyfiyyətlərini simvolizə edir:
"Bu adları daşıyan şəxslərə adətən aşağıdakı xüsusiyyətlər aid edilir:
-Liderlik, güclü iradə və idarəetmə qabiliyyəti.
-Müstəqilliyə meyillilik və cəsarət.
-Ədalətli olmaq və ətrafındakıları qorumaq instinkti".
Rauf Zeyni bildirib ki, Kaan, Kağan və Xaqan adları qədim dövlətçilik ənənələrinin daşıyıcısı kimi xüsusi mənaya malikdir:
"Kaan, Kağan və bunlarla eyni kökdən gələn adlar qədim türk və monqol dövlətçilik tarixinə əsaslanan, çox güclü energetikaya və dərin mənaya malik adlardır".
Sədr qeyd edib ki, Azərbaycanda Kaan və Xaqan adlarının populyarlıq səviyyəsi fərqlidir və bunun tarixi əsasları var:
"Azərbaycanda Kaan və Xaqan adları fərqli populyarlıq səviyyələrinə malikdir və son illərin statistikasında özünəməxsus yer tutur. Bu adların ölkəmizdəki rəsmi vəziyyəti və onları tarixdə ucaldan Göktürk xaqanları barədə məlumatlar aşağıdakı kimidir:
"Kaan: Son illərdə (xüsusilə Türkiyə seriallarının və mədəniyyətinin təsiri ilə) Azərbaycanda müasir və populyar oğlan adları cərgəsinə daxil olub. Hər il yüzlərlə ailə yeni doğulan oğlan körpələrinə bu adı verir. Baxmayaraq ki, ölkədə ilk onluqda hələ də Uğur, Raul, Hüseyn və Əli kimi adlar liderlik edir, Kaan “modern və qısa türk adları” kateqoriyasında ən çox axtarılanlardan biridir.
Xaqan: Bu forma ölkəmizdə daha ənənəvi və köklü hesab olunur. Sərt tələffüzünə görə Azərbaycanda böyük nəsil arasında da bu ada çox rast gəlinir.
Kağan: “Ğ” hərfi ilə yazılan bu orijinal variant isə Azərbaycanda rəsmi sənədlərdə çox nadir hallarda seçilir, valideynlər daha çox “Kaan” formasına üstünlük verirlər".
R.Zeyninin sözlərinə görə, Göytürk xaqanları türk dövlətçilik tarixində mühüm rol oynayıblar:
"Tarixə ekskurs;
Bu Adı Daşımış Tarixi Şəxsiyyətlər (Göktürk Hökmdarları)
Türk dünyasının formalaşmasında müstəsna rol oynamış ən parlaq Göktürk xaqanları bunlardır:
Bumin Xaqan (Kağan): Böyük Göktürk İmperiyasının (Xaqanlığının) qurucusudur. 552-ci ildə Juan-juan əsarətinə son qoyaraq müstəqil türk dövlətini elan etmiş və ilk “İl xaqan” (dövlət quran hökmdar) titulunu almışdır.
İstəmi Xaqan: Bumin xaqanın qardaşıdır. İmperiyanın qərb qanadını (Yabqu olaraq) idarə etsə də, faktiki olaraq xaqan gücünə malik idi. İpək Yoluna nəzarət etmək üçün Sasani və Bizans imperiyaları ilə apardığı möhtəşəm diplomatik gedişlərlə tanınır.
Mukan Xaqan: Bumin xaqanın oğludur. Onun dövründə Göktürk dövləti özünün ən qüdrətli dövrünü yaşamış, sərhədləri Sakit okeandan Qara dənizə qədər genişlənmişdir.
İltəriş (Qutluq) Xaqan: İkinci Göktürk Xaqanlığının qurucusudur. Çin əsarətində olan dağınıq türk tayfalarını bir araya topladığı üçün ona “Dövləti dərk edən, toplayan” mənasını verən “İltəriş” adı verilmişdir.
Bilgə Xaqan KAĞAN: İltəriş xaqanın oğludur. Qardaşı Kültigin və məşhur vəzir Tonyukuk ilə birlikdə dövləti idarə etmişdir. Onun adına ucaldılan Orxon-Yenisey abidələri (göy türk yazıları) türk dili və dövlətçilik tarixinin ən qədim yazılı sənədləridir.
R.Zeyninin sözlərinə görə, “Qağa” sözü əsrlər boyu dəyişərək “Kağan” titulunun xalq arasında yaşadılmış formasıdır:
"Yekun olaraq aydın oldu ki, QAĞA, KAĞANIN YÜZİLLƏR BOYU AZCA TƏHRİF OLUNMUŞ formasıdır ki, böyük Azərbaycan xalqı, əsasən də OĞUZ TÜRKLƏRİ BÖYÜK XAQAN BİLGƏ KAĞANIN ŞƏRƏFİNƏ bu sözü müasir dövrümüzə qədər böyük sevgi ilə yaşatmışlar.
Fatimə Nəbiyeva






