Apple-ın sentyabr ayında təqdim edəcəyi gözlənilən iPhone 18 seriyası ilə bağlı yeni iddialar ortaya çıxıb. Təchizat zəncirinə yaxın mənbələrin məlumatına görə, iPhone 18 Pro Max şirkətin indiyədək təqdim etdiyi ən bahalı əsas smartfon ola bilər. İlk qatlanan iPhone modelinin isə 2 000 dollardan baha qiymətə satışa çıxarılacağı iddia edilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, texnologiya analitiki Ceff Punun proqnozuna əsasən, iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin qiyməti ötən nəsillə müqayisədə 300 dollara qədər arta bilər. Digər tanınmış analitik Mark Qurman isə qiymət artımının 100–200 dollar arasında olacağını ehtimal edir.

Hazırda Pro modelləri 1 099 və 1 199 ABŞ dollarından başlayan qiymətlərlə satılır. İddialar doğrulanarsa, iPhone 18 Pro seriyası Apple tarixində ən yüksək başlanğıc qiymətinə malik telefonlar olacaq.

Məlumata görə, qiymət artımı yalnız Pro modelləri ilə məhdudlaşmayacaq. Şirkətin ilk qatlanan smartfonunun “iPhone Ultra” adı ilə təqdim ediləcəyi və başlanğıc qiymətinin 2 000 ABŞ dollarını keçəcəyi bildirilir. Bu halda cihaz Apple-ın indiyədək istehsal etdiyi ən bahalı iPhone olacaq.

Qeyd edək ki, Apple qiymətlər və yeni modellərlə bağlı rəsmi açıqlama verməyib. Sentyabr təqdimatına qədər yayılan məlumatlar hələlik yalnız iddia və analitik proqnozlar səviyyəsində qiymətləndirilir.