Ayaqda qəfil başlayan şişkinlik və ağrı çox vaxt əzələ yorğunluğu, fiziki gərginlik və ya həddindən artıq hərəkətlə əlaqələndirilir. Lakin xüsusilə bir ayaqda yaranan və səbəbi məlum olmayan bu əlamətlər dərin vena trombozunun — damar daxilində qan laxtasının əmələ gəlməsinin göstəricisi ola bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında aşkarlanmayan bu vəziyyət ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Ürək-damar cərrahı, professor Mehmet Adnan Celkan dərin vena trombozunda erkən diaqnozun vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, ayaqlarda qəfil yaranan dəyişiklikləri adi yorğunluq kimi qiymətləndirmək düzgün deyil.
Dərin vena trombozunun əsas əlamətləri arasında bir ayaqda qəfil şişkinlik və ağrı yer alır. Həmçinin həmin nahiyədə istilik artımı, dərinin qızarması və ya rənginin dəyişməsi müşahidə oluna bilər. Bununla belə, bəzi hallarda xəstəlik aşkar əlamətlər olmadan da inkişaf edə bilər.
Bu vəziyyətin əsas təhlükəsi qan laxtasının qoparaq ağciyər damarlarına çatması və ağciyər emboliyasına səbəb olmasıdır. Bu, həyati təhlükə yarada bilən ciddi fəsaddır.
Mütəxəssislər səbəbi bilinməyən, xüsusilə birtərəfli ayaq şişkinliyi və ağrısı yarandıqda gecikmədən tibbi yardım almağı tövsiyə edirlər. Qəfil nəfəs darlığı, sinə ağrısı, qanlı öskürək və ya huşun itirilməsi baş verərsə, dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır.
Ayaqdakı şişkinlik hər zaman qan laxtası demək deyil. Lakin bu əlamətləri yalnız əzələ yorğunluğu ilə əlaqələndirmək və tibbi müayinəni gecikdirmək təhlükəli ola bilər.












