"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid oğlu Miqdad və onun silahdaşı, dostu Əlinin ayrılmaz dostluğundan, Vətən sevgisindən və şəhidlik taleyi haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Əli yaralananda valideynlərinə demişdi: “Bütün dostlarım şəhid oldu… Miqdad da şəhid oldu… Mən sağ qaldım…”
O, dostlarını itirməyin ağrısını yaşayırdı. Yaraları sağalandan sonra isə yenidən döyüşə qayıtmaq istəyirdi. Deyirdi: “Gedəcəyəm, Miqdadın qanını almağa…”
Əli, sən Miqdadın qisasını almaq, yarımçıq qalan mübarizəni davam etdirmək istəyirdin. Amma bilmirdin ki, bir gün sən də dostunun getdiyi müqəddəs zirvəyə ucalacaqsan…
Mən Miqdadın anasıyam. Bir ana kimi həm Miqdadımın, həm də onun dostu Əlinin taleyini düşünəndə ürəyim parçalanır. Biri mənim balam, digəri isə balamın dostu, silahdaşı idi. Onları Vətən sevgisi birləşdirdi, şəhidlik isə əbədi olaraq eyni zirvədə qovuşdurdu.
Miqdad və Əli… Biri dostunun qanını almağa gedirdi, digəri isə onunla eyni taleyi yaşadı. İndi hər ikisi bu Vətənin müqəddəs torpağında uyuyur.
İki dostun yarımçıq qalan söhbətləri, xatirələri, arzuları var… Amma onların dostluğu ölümə sığmadı.
Allah sizə rəhmət eləsin, mənim balam Miqdad və onun qəhrəman dostu Əli! Ruhunuz şad, məkanınız cənnət olsun!
Siz ayrı-ayrılıqda şəhid oldunuz, amma tarixdə və ürəklərimizdə əbədi olaraq iki dost kimi qaldınız.












