“YouTube” mobil tətbiqində istifadəçilərin alışdığı naviqasiya sistemində dəyişiklik edilir. Yeni yeniləmə ilə “Abunəliklər” bölməsi ekranın aşağı hissəsindən yuxarı hissəsinə köçürülür.
QHT.az xarici mediaya istinadən bildirir ki məlumata görə, dəyişiklik həm iOS, həm də Android əməliyyat sistemlərində tətbiq ediləcək. İndiyədək ekranın aşağı menyusunda yerləşən bölmə yeni dizaynda ekranın yuxarı hissəsində görünəcək.
Yenilik istifadəçilərin abunə olduqları kanalların paylaşımlarına daha rahat çıxışını təmin etməyi hədəfləyir. Bölmənin yeri dəyişsə də, istifadəçilərin abunəlikləri olduğu kimi qalacaq.
Bundan əlavə, yeni imkan vasitəsilə istifadəçilər izləmək istədikləri məzmunu qeyd edərək öz maraqlarına uyğun video axını da yarada biləcəklər.
Dəyişikliyin tətbiq istifadəçilərinə mərhələli şəkildə təqdim edilməsi gözlənilir.












