Azərbaycan vətəndaş cəmiyyətinin fəallarından biri, Sosial və Ekoloji Tərəfdaşlıq Alyansının üzvü, “Səma və Eko” İctimai Birliyinin sədri İradə Həsənova Türkiyədə mükafata layiq görülüb.
QHT.az xəbər verir ki, bu barədə herbiand.az-a açıqlamasında QHT sədri özü məlumat verib.
Türkiyədə səfərdə olan QHT sədri “Türk Dünyası Zirvə Ödülləri” gecəsinin xüsusi nominantları sırasında yer alıb. Təşkilatçılar onun fəaliyyətini, ekologiya, sosial inkişaf və sosial hüquqların müdafiəsi sahələrində qazandığı uğurları, eləcə də həyata keçirdiyi layihələri yüksək qiymətləndiriblər.
Təqdimat mərasimində bildirilib ki, mükafatlandırma gecəsi uğur, zəhmət və ilhamverici şəxsləri bir araya gətirən xüsusi platformadır.
Qeyd edək ki, İradə Həsənova rəhbərlik etdiyi ictimai birlik vasitəsilə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və sosial təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.
Onun beynəlxalq səviyyədə belə bir mükafata layiq görülməsi Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçilərinin fəaliyyətinin tanıdılması baxımından əhəmiyyətli hadisədir.












