CASCFEN-in layihəsi çərçivəsində hazırlanan üçüncü verilişdə kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət, ortaq rəqəmsal məkanın formalaşdırılması ilə bağlı təkliflər səsləndirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində sonuncu-üçüncü internet televiziya verilişini hazırlayıb.
CASCFEN-in Mətbuat xidmətindən bildirilib ki, verilişdə müasir dövrdə dezinformasiya və saxta məlumatların yayılması, informasiya hücumları, kibertəhdidlər, eləcə də Türk dövlətləri arasında informasiya və texnoloji əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Verilişin studiya qonağı “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal, Türkiyədən onlayn şəkildə müzakirəyə qoşulan qonaq isə strateji texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələri üzrə mütəxəssis Cengiz Çalıkoğlu olub.
Verilişdə vurğulanıb ki, Türk dünyasının gələcək inkişafı üçün ortaq tarixi və mədəni irsin texnoloji əməkdaşlıqla tamamlanması vacibdir. Müasir dövrdə dövlətlərin imkanları yalnız iqtisadi və hərbi potensialla deyil, həm də məlumatların idarə olunması, süni intellekt, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrindəki inkişaf səviyyəsi ilə müəyyən edilir.
Bildirilib ki, rəqəmsal suverenlik milli suverenliyin mühüm tərkib hissəsinə çevrilib.
Zamin Zeynal Türk dünyasında bu istiqamətdə əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndirib. O, Azərbaycan nümunəsindən çıxış edərək TDT çərçivəsində Vahid Rəqəmsal İnkişaf Şurasının və ya Mərkəzinin yaradılmasını, eləcə də Türk dünyası QHT-lərinin növbəti ümumi toplantısının informasiya təhlükəsizliyi və kibertəhlükələrlə birgə mübarizə məsələlərinə həsr edilməsini təklif edib.
Cengiz Çalıkoğlu isə Türk dünyası ölkələri arasında ortaq texnoloji ekosistemin yaradılmasını vacib hesab etdiyini bildirib. Ekpsert, “Rəqəmsal İpək Yolu” konsepsiyasının məlumatların, süni intellekt həllərinin, rəqəmsal xidmətlərin və biliklərin ölkələr arasında mübadiləsini gücləndirən regional əməkdaşlıq modeli kimi inkişaf etdirilə biləcəyini qeyd edib.
Mütəxəssis kibertəhlükəsizlik sahəsində birgə fəaliyyətin əhəmiyyətinə də diqqət çəkib.
Verilişdə gənclərin texnoloji inkişaf prosesində iştirakının vacibliyi də vurğulanıb. Bildirilib ki, Türk dünyasının gəncləri yalnız müasir texnologiyalardan istifadə edən deyil, həm də süni intellekt həlləri hazırlayan, proqram təminatı yaradan, startaplar quran və kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər kimi yetişməlidirlər. Birgə layihələrin həyata keçirilməsi və bilik mübadiləsinin genişləndirilməsi regionun texnoloji potensialının artırılmasına kömək edə bilər.












