"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Quba rayonundan olan şəhid ailələrinin 6 ildən sonra ilk dəfə Qarabağa səfərə yola düşməsindən, onların qəlbindəki qüruru, həsrəti və ağrılı xatirələri haqda fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"6 il sonra ilk dəfə Quba şəhid ailələri balalarının canı və qanı bahasına azad etdiyi Qarabağa doğru yola düşüblər. Neçə illər idi bu yolun, bu torpaqlara qovuşmağın həsrətində idik. Bu gün isə qəlbimizdə həm Zəfərin qüruru, həm də balalarımızın bitməyən həsrəti ilə yola çıxmışıq.

YAP Quba rayon təşkilatı sədri Fidan Hüseynovanın təşəbbüsü ilə Zəfərə gedən bu yol şəhid ailələrinə ərməğan edilib. Bu, sadəcə bir səfər deyil, şəhidlərimizin bizə əmanət qoyduğu torpaqlara qovuşmaq, onların canı bahasına azad etdiyi Qarabağı görmək fürsətidir.

Bu yol bizim üçün çox ağırdır.. Çünki hər qarış torpaqda balalarımızın izi, qanı və xatirəsi var. Biz bu gün onların azad etdiyi torpaqlara gedirik. Kaş onlar da yanımızda olaydılar, bu Zəfəri bizimlə birlikdə yaşayay­dılar

Bu dəyərli təşəbbüsə və şəhid ailələrinə göstərilən diqqətə görə Fidan Hüseynovaya və Quba rayon YAP təşkilatına ürəkdən təşəkkür edirik.

Biz Qarabağa gedirik — qəlbimizdə həsrət, başımızda qürur, ruhumuzda şəhidlərimizin əbədi sevgisi ilə!

Qarabağ bizimdir! Bu Zəfər şəhidlərimizin əbədi adıdır!"