QHT.az xəbər verir ki, Avropada iyunun sonlarında müşahidə olunan rekord istilər nəticəsində 10 mindən çox əlavə ölüm qeydə alınıb. Məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Avropa Mərkəzinin dəstəklədiyi EuroMOMO monitorinq şəbəkəsi tərəfindən açıqlanıb. 

Məlumata görə, həyatını itirənlərin 9 mindən çoxu 65 yaşdan yuxarı şəxslər olub. Mütəxəssislər bildirirlər ki, həddindən artıq isti hava xüsusilə yaşlı insanlar, ürək-damar və tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün ciddi risk yaradır. 

Araşdırmaya əsasən, iyunun 22–28-i tarixlərində Fransa, İspaniya, Böyük Britaniya və digər Avropa ölkələrini əhatə edən istilər zamanı ölüm göstəriciləri mövsüm üçün qeyri-adi dərəcədə yüksəlib. Alimlər hesab edirlər ki, bu artımı izah edəcək başqa genişmiqyaslı amillər müəyyən edilməyib və əsas səbəb ekstremal istilərdir. 

Səhiyyə mütəxəssisləri əhaliyə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, kifayət qədər su qəbul etməyi, sərin məkanlarda olmağı və xüsusilə yaşlı insanların sağlamlıq vəziyyətinə diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, iqlim dəyişikliyi səbəbindən bu cür istilərin gələcəkdə daha tez-tez və daha intensiv müşahidə olunacağı gözlənilir.