Avropa İttifaqının Ədalət Məhkəməsi (CJEU) qərara alıb ki, Google YouTube-da kommersiya tərəfdaşlarının paylaşdığı videolara görə hər zaman məsuliyyətdən azad edilə bilməz.

QHT.az xarici mediaya istinadən bildirir ki, qərar Google ilə İtaliyanın Rabitə Tənzimləyici Qurumu (AGCOM) arasında yaranmış mübahisə ilə bağlıdır. Qurum YouTube-da onlayn qumar reklamlarının yayımlandığına görə şirkəti 750 min avro cərimələmişdi. Google isə üçüncü tərəflərin paylaşdığı məzmuna görə məsuliyyət daşımadığını bildirərək cəriməyə etiraz etmişdi.

Məhkəmə vurğulayıb ki, platformalar yalnız texniki vasitəçi kimi fəaliyyət göstərdikdə məsuliyyətdən azad ola bilərlər. Əgər platforma kommersiya əməkdaşlığı çərçivəsində kanalları və onların məzmununu qiymətləndirirsə, həmin məzmuna görə məsuliyyət daşıya bilər.

Google qərardan narazı olduğunu açıqlayıb və hüquqi mübarizəni davam etdirəcəyini bildirib. İtaliya məhkəməsi isə Aİ məhkəməsinin qərarını əsas götürərək yekun hökmünü verəcək.