16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq olunması onların təhlükəsizliyinin təmin edilməsi baxımından müsbət addım hesab oluna bilər. Bununla yanaşı, bu məsələ yalnız qadağa prizmasından deyil, uşaqların inkişafı, ailə mühiti və rəqəmsal savadlılıq baxımından kompleks şəkildə qiymətləndirilməlidir.
Bu fikirləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Üfüq Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Nuriyyə Abbasova QHT.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, erkən yaş dövründə uşaqlar emosional və psixoloji baxımdan tam formalaşmadıqları üçün sosial şəbəkələrdə rast gəlinən zorakılıq, kiberbullinq, dezinformasiya, təhlükəli çağırışlar və qeyri-real həyat standartları onların psixikasına ciddi mənfi təsir göstərə bilər.
“İdeal həyat tərzini əks etdirən paylaşımlar uşaqlarda özünü başqaları ilə müqayisə etməyə, özünəinamın azalmasına, narahatlıq və depressiv əlamətlərin yaranmasına səbəb ola bilər. Bundan əlavə, uzun müddət ekran qarşısında vaxt keçirmək yuxu rejiminin pozulmasına, diqqət və yaddaş problemlərinə, fiziki aktivliyin azalmasına və ailədaxili ünsiyyətin zəifləməsinə gətirib çıxarır. Yaş məhdudiyyəti bu risklərin müəyyən qədər qarşısını ala bilər”, – deyə o bildirib.
Nuriyyə Abbasova vurğulayıb ki, sosial şəbəkələr eyni zamanda təhsil, özünüinkişaf, yaradıcılıq, xarici dil öyrənilməsi və faydalı məlumatların əldə olunması baxımından da mühüm imkanlar yaradır. Onun fikrincə, məhdudiyyətlər maarifləndirmə tədbirləri ilə müşayiət olunmadıqda bəzi uşaqlar sosial təcrid hissi yaşaya və ya rəqəmsal bacarıqlarını inkişaf etdirmək imkanlarını itirə bilərlər.
“Əsas məqsəd uşaqları internetdən tam uzaqlaşdırmaq deyil, onlarda təhlükəsiz və məsuliyyətli istifadə vərdişlərini formalaşdırmaqdır”, – deyə hüquqşünas qeyd edib.
O əlavə edib ki, yaş məhdudiyyəti uşaqların kiberbullinq, şəxsi məlumatların oğurlanması, onlayn dələduzluq, psixoloji manipulyasiya və zərərli məzmunla qarşılaşma riskini azalda bilər. Eyni zamanda bu, valideynlərin övladlarının internet fəaliyyətinə daha yaxından nəzarət etməsinə və uşaqların real sosial münasibətlərə, idmana, mütaliəyə və ailə ilə keyfiyyətli vaxta daha çox üstünlük verməsinə şərait yaradar.
Bununla yanaşı, Nuriyyə Abbasova qərarın müəyyən çətinliklərinin də olduğunu diqqətə çatdırıb. O bildirib ki, hazırda bir çox sosial şəbəkələrdə yaş yoxlanılması istifadəçinin təqdim etdiyi məlumata əsaslandığından uşaqlar yaşlarını bilərəkdən böyük göstərərək gizli hesablar yarada bilirlər. Bu isə valideyn nəzarətini çətinləşdirir və riskləri artırır.
Onun sözlərinə görə, qadağalar təkbaşına problemi həll etmir və əsas çıxış yolu rəqəmsal maarifləndirmənin gücləndirilməsidir.
“Uşaqlar internetdə hansı məlumatları paylaşmağın təhlükəli olduğunu, tanımadıqları şəxslərlə necə davranmalı olduqlarını, kiberbullinqlə qarşılaşdıqda kimə müraciət etməli olduqlarını bilməlidirlər. Bu biliklər ailədə, məktəbdə və cəmiyyətdə sistemli şəkildə formalaşdırılmalıdır”, – deyə o bildirib.
Nuriyyə Abbasova valideynlərin rolunun xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb. Onun sözlərinə görə, valideyn nəzarəti yalnız qadağalarla məhdudlaşmamalı, uşaqla etibarlı münasibət qurulmalı və internetdən istifadə qaydaları birlikdə müəyyən edilməlidir. Əks halda uşaqlar sosial şəbəkələrdən gizli istifadə etməyə üstünlük verə bilərlər.
O, məktəblərin də rəqəmsal təhlükəsizlik, media savadlılığı, şəxsi məlumatların qorunması və onlayn etik davranış qaydaları ilə bağlı maarifləndirici proqramlar həyata keçirməsinin vacibliyini qeyd edib. Həmçinin sosial media platformalarının yaş yoxlama mexanizmlərini təkmilləşdirməsinin zəruri olduğunu bildirib.
Sonda Nuriyyə Abbasova qeyd edib ki, 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq olunması düzgün istiqamətdə atılmış addımdır. Lakin bu qərarın effektivliyi yalnız qanunun qəbulundan deyil, onun düzgün icrasından, valideynlərin və müəllimlərin fəal iştirakından, uşaqların rəqəmsal savadlılığının artırılmasından və cəmiyyətin bu sahədə maarifləndirilməsindən asılı olacaq






