İyulun 28-də Lənkəran şəhərində “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaqlıq” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən təşkilatın sədri və layihə rəhbəri Akif Kərimov bildirib ki, toy və yas mərasimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, birlik və həmrəyliyinin mühüm göstəricilərindəndir. Onun sözlərinə görə, son illərdə bu mərasimlərdə müşahidə olunan həddindən artıq xərc və israfçılıq bir çox ailələr üçün ciddi sosial-iqtisadi problemlər yaradır.

A.Kərimov qeyd edib ki, layihənin əsas məqsədi maarifləndirmə yolu ilə toy və yas mərasimlərində israfçılığın azaldılmasına, ailə büdcəsinin qorunmasına və cəmiyyətdə daha məsuliyyətli yanaşmanın formalaşdırılmasına töhfə verməkdir.

Layihə rəhbəri çıxışında bildirib ki, insanların bir-birindən öyrənməsi və faydalı təcrübələri bölüşməsi cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. O, xüsusilə toy mərasimlərində müşahidə olunan həddindən artıq xərclərin gənc ailələrin üzərinə ağır maliyyə yükü qoyduğunu vurğulayıb.

“Bu gün toy edənlərin hamısının maddi imkanı eyni deyil. Bəziləri 20-30 min manat xərcə düşür və bu yük sonda bəy və gəlinin üzərinə qalır. Belə bir stress altında ailə quran insanların sağlam və uzunömürlü ailə münasibətləri qurması çətinləşir”, – deyə A.Kərimov bildirib.

O qeyd edib ki, ənənələrə hörmət edilməli olsa da, dəyişən dövrün tələbləri də nəzərə alınmalıdır. Onun sözlərinə görə, toy süfrələrində təqdim olunan yeməklərin böyük hissəsi istehlak olunmadan israf edilir.

Akif Kərimov bildirib ki, apardığı araşdırmalar və Qida Mərkəzinin materialları əsasında bir insanın qəbul edə biləcəyi qida miqdarını təhlil edib. O vurğulayıb ki, şadlıq evlərində təqdim olunan bəzi konservləşdirilmiş və emal olunmuş məhsulların, eləcə də kolbasa məmulatlarının tərkibində sağlamlıq üçün zərərli maddələr mövcuddur və bunlar müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Layihə rəhbəri çıxışının sonunda yas mərasimlərində də israfçılığın qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, dəfn mərasimlərində iştirak edən din xadimlərinin əməyinin layiqincə qiymətləndirilməsinin vacibliyini qeyd edərək, cəmiyyəti həm toy, həm də yas mərasimlərində daha qənaətli və məsuliyyətli davranmağa çağırıb.