Xəbərlər 10.07.2025 16:48 24

QHT sədri: Azad olunmuş ərazilərə sadələşdirilmiş prosedurlar sayəsində turist axını artacaq

Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərə səfərlərlə bağlı qəbul etdiyi son qərar bu bölgələrin bərpa prosesinə ciddi töhfə verəcək. “Yolumuz Qarabağa” portalı vasitəsilə vətəndaşlara verilən icazələrin müddətinin 2 gündən 5 günədək artırılması və hotellərdə rezervasiya edən şəxslərə avtomatik icazə verilməsi dövlətin həm strateji məqsədlərinə, həm də vətəndaş rahatlığına xidmət edən mühüm bir addım kimi qiymətləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, indiyədək bu ərazilərə səfərlər məhdud müddətli icazələrlə həyata keçirilirdi. Bu isə vətəndaşların planlarını məhdudlaşdırır, bölgədəki turizm və sosial fəaliyyətlərə tam şəkildə qatılmaq imkanını azaldırdı. Artıq icazə müddətinin 5 günədək artırılması daha geniş və məqsədli səfərlərə şərait yaradacaq. Vətəndaşlar bu müddət ərzində bir neçə rayonu ziyarət edə, bölgədəki abidələrlə tanış ola, ailəvi və ya işgüzar görüşlərini daha rahat şəkildə təşkil edə biləcəklər. Beləliklə, bu qərar sadəcə bir inzibati dəyişiklik deyil, həm də Qarabağa qayıdış prosesinin daha real və davamlı əsaslar üzərində qurulduğunun göstəricisidir. Eyni zamanda, hotellərdə rezervasiya edən şəxslərə giriş icazəsinin avtomatik verilməsi prosesini sadələşdirir, vətəndaşların əlavə yükünü azaldır. Bu, vətəndaşların səfər planlarını daha çevik və sürətli şəkildə reallaşdırmasına imkan yaradır. Bu sistemin tətbiqi dövlət-vətəndaş münasibətlərində rəqəmsal və xidmətyönümlü yanaşmanın gücləndirilməsinin bariz nümunəsidir. Vacib məqamlardan biri də vətəndaş üçün seçim imkanının verilməsidir.

QHT sədri qeyd edib ki, dövlət tərəfindən qəbul edilən bu qərarlar, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun turizm və iqtisadi potensialını reallaşdırmaqdır. Sadələşdirilmiş səfər prosedurları sayəsində bölgəyə turist axını artacaq, bu isə sahibkarlığın inkişafı, xidmət sektorunun genişlənməsi, yeni iş yerlərinin yaradılması və ümumilikdə regionun sosial-iqtisadi dirçəlişi üçün münbit şərait yaradacaq. Turizm yalnız mədəni ziyarət deyil, həm də iqtisadi dövriyyə deməkdir. Bu dövriyyənin yaranması bölgənin tam reabilitasiyası üçün həyati əhəmiyyət daşıyır. Qeyd edilməlidir ki, təhlükəsizlik məsələləri də unudulmur. İcazə sistemi qüvvədədir. Ərazilərdə mina təhlükəsi hələ də realdır və vətəndaşların təhlükəsizliyi dövlətin prioritetidir. Bu səbəbdən səfər edən şəxslər əvvəlcə mina təhlükəsi və digər risklərlə bağlı maarifləndirici materiallarla tanış edilməlidir. Bu yanaşma göstərir ki, dövlət vətəndaşlara sərbəstlik təqdim etməklə yanaşı, onların həyat və sağlamlığını qorumaq öhdəliyini də daşıyır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı