Hayların “xüsusi məruzəçi” planı
BMT-də erməni lobbisinin indidən iflasa məhkum növbəti cəhdi
Erməni lobbisi və onun təsiri altında olan bir sıra beynəlxalq QHT-lər yenidən aktivləşiblər. Bu dəfə onların hədəfi BMT İnsan Hüquqları Şurasında “Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi” mandatının təsis olunmasıdır. Siyasi baxımdan neytral və insan hüquqlarını qorumalı olan bu beynəlxalq platformanın geosiyasi manipulyasiyalara alət edilməyə çalışılması ciddi narahatlıq doğurur. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüquq normalarına və mövcud siyasi reallığa zidd şəkildə bu cür təşəbbüslərin irəli sürülməsi regionda süni gərginlik yaratmaq məqsədi güdür.
Bu kampaniyada xüsusi canfəşanlıq göstərən təşkilatlardan biri də anti-Azərbaycan mövqeyi ilə seçilən və BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) assosiativ üzv statusuna malik “Christian Solidarity International” adlı QHT-dir. Bu qurum son illər müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı birtərəfli və qərəzli çıxışları ilə tanınır. Yadınızdadırsa, təşkilat 2024-cü il iyulun 9-da və oktyabrın 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının tədbirləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən xəritələr nümayiş etdirmiş, orada ölkəmizin suveren əraziləri qondarma, qeyri-qanuni adlarla göstərilmişdi. Bundan əlavə, həmin tədbirlərə işğal dövründə Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətlərdə iştirak etmiş şəxslər əsas çıxışçılar kimi dəvət olunmuşdular.
Bu addımlar BMT-nin təməl prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq hüququn normalarının pozulması idi. Mövzu ilə bağlı XQ-yə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirdi ki, qurumun təşviqat kampaniyasının məqsədi insan hüquqlarını müdafiə etməkdən çox, Qarabağ münaqişəsini yenidən alovlandırmaq və Azərbaycanın beynəlxalq mövqeyini zəiflətməkdir: “Biz bilirik ki, bu təşkilat qeyri-qanuni şəkildə ermənipərəst qüvvələr tərəfindən maliyyələşdirilir. Bundan əlavə, təşkilatın sosial şəbəkə hesablarındakı paylaşımlarının böyük əksəriyyəti Azərbaycan dövlətinə qarşı yönəlib. Onun idarə heyətinin rəhbəri Jon Eibner sosial şəbəkələrdə Ruben Vardanyanın təbliğatına aktiv şəkildə dəstək verir. Həmçinin BMT tədbirlərində təşkilatın adından çıxış edənlər arasında Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın da olması təşkilatın müstəqil fəaliyyətini şübhə altına alır”.
Onu da qeyd edək ki, həmin vaxt bu qurum layiq olduğu cavabı almışdı. Amma müəyyən vaxt keçəndən sonra QHT yenidən ortaya çıxaraq BMT-nin mandatından danışmağa başlayıb. Hazırda BMT İnsan Hüquqları Şurası 14 ölkə üzrə xüsusi məruzəçi mandatını həyata keçirir. Amma bu mandatlar ciddi insan hüquqları pozuntuları, davam edən münaqişə və beynəlxalq hüququn aşkar şəkildə pozulduğu hallar zamanı tətbiq olunur. Qarabağ məsələsində isə vəziyyət tamamilə fərqlidir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Tərəflər arasında sülh sazişinin mətni razılaşdırılıb və bu gün mübahisəli məsələ kimi yalnız Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu maneə də aradan qaldırıldıqdan sonra tərəflər arasında sülh müqaviləsi imzalanacaq. Belə olan halda, BMT çərçivəsində Qarabağa dair ayrıca məruzəçi təsis etmək təşəbbüsünün nə hüquqi, nə də siyasi əsası var.
Aydın görünür ki, ermənipərəst dairələr, xüsusilə də diaspor və lobbi strukturları, münaqişənin bitməsinə və yeni regional əməkdaşlıq mərhələsinin başlanmasına baxmayaraq, Qarabağ üzərindən Azərbaycana siyasi təzyiq göstərmək niyyətindədirlər. Bu günlərdə ABŞ Konqresində və Avropa dairələrində bəzilərinin yenidən “ermənilərin geri qayıdışı”, “pozulmuş hüquqlar” kimi mövzularda spekulyativ çıxışlar etməsi bu strategiyanın tərkib hissəsidir.
“Dağlıq Qarabağ üzrə məruzəçi” təşəbbüsü də bu kampaniyanın davamıdır. Onlar unudurlar ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazisində suverenliyini bərpa edib və bu zaman heç bir etnik təmizləmə, zorakılıq və ya hüquq pozuntusu qeydə alınmayıb. Bu, faktlara əsaslanan reallıqdır və bunu BMT-nin müşahidə missiyaları da təsdiqləyib.
Beləliklə, erməni lobbisinin və onun dəstəklədiyi QHT-lərin BMT İnsan Hüquqları Şurası vasitəsilə “xüsusi məruzəçi” mandatı təsis etdirmək cəhdi nə hüquqi baxımdan əsaslıdır, nə də beynəlxalq sülh və əməkdaşlıq məqsədlərinə xidmət edir. Əksinə, bu təşəbbüs sülh gündəliyini pozmağa, Azərbaycanı haqsız ittihamlarla üz-üzə qoymağa və regionda yeni gərginlik ocağı yaratmağa yönəlib.
Son illər Azərbaycan beynəlxalq arenada fəal diplomatik xətt yürüdərək, regional və qlobal proseslərdə əhəmiyyətli rol oynamağa başlayıb. Xüsusilə BMT çərçivəsindəki fəaliyyəti, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi kimi qlobal çağırışlara verdiyi töhfələr ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb. Politoloq Cəsarət Hüseynzadənin sözlərinə görə, bu uğurlar Azərbaycanın beynəlxalq səviyyədə zərər görməsinin qarşısını alan mühüm faktorlardan biridir: “Bəzi qeyri-hökumət təşkilatlarının, xüsusən də separatizmi açıq şəkildə dəstəkləyən “Christian Solidarity International” kimi qurumların insan hüquqları adı altında təşəbbüslərlə çıxış etməsi tamamilə qəbuledilməzdir. Bu təşkilat açıq şəkildə müharibə cinayətləri törətmiş şəxsləri – Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərini müdafiə etməklə Azərbaycan dövlətinə və onun beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə qarşı çıxır”. C.Hüseynzadə vurğulayır ki, bu şəxslərin Ermənistanla birlikdə Azərbaycana vurduğu maddi zərər 150 milyard dollar civarındadır: “Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan suveren ərazisi olan Qarabağda yaşayan erməni əsilli əhalinin təhlükəsizliyinə təminat verib, onların cəmiyyətə inteqrasiyası üçün elektron sistemlərlə çevik mexanizmlər qurub. Qarabağdakı erməni əhalinin könüllü şəkildə ərazini tərk etməsi isə zorla deyil, məhz Azərbaycanın verdiyi təhlükəsizlik zəmanəti çərçivəsində baş verib”.
Politoloq hesab edir ki, Cənubi Qafqazda sülh və sabitliyə doğru irəlilədikcə, müəyyən kənar qüvvələrin yenidən fəallaşması müşahidə olunur. “Christian Solidarity International” kimi qurumlar əvvəldən Azərbaycanın əleyhinə mövqe tutmuş və Qarabağda separatçılığı dəstəkləmişdir. Lakin regionda dəyişən geosiyasi konfiqurasiya bu təşkilatları dəstəkləyən yeni dairələrin də meydana çıxmasına yol aça bilər. Buna baxmayaraq, onların uğursuzluğa düçar olacağı şübhəsizdir.
C.Hüseynzadə Azərbaycanın beynəlxalq hüquqa və regional sabitliyə əsaslanan mövqeyi, artan diplomatik təsiri və faktlara söykənən siyasəti fonunda bu cür destruktiv təşəbbüslərin perspektivsizliyi aydın göründüyü qənaətindədir: “Beləliklə, BMT-də Azərbaycanın əleyhinə xüsusi bir təsisatın yaradılması və ya anti-Azərbaycan qərarının qəbul edilməsi nəzəri baxımdan mümkün olsa da, reallıqda belə bir addımın həyata keçməsi çətindir. Geosiyasi reallıqlar, diplomatik balans və Azərbaycanın beynəlxalq tərəfdaşlıqları belə təşəbbüslərin qarşısını alacaq gücdədir. Lakin bu, ehtiyatı əldən verməmək və diplomatik sahədə fəallığı davam etdirmək zərurətini aradan qaldırmır”.
Pünhan ƏFƏNDİYEV
XQ