QHT sədri: "Əlilliklə bağlı sənədlərin verilməsi, yoxlanılması prosesi şəffaflaşdırılıb"
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az –a bildirib ki, son illərdə ölkəmizdə əlilliyin müəyyənləşdirilməsi sahəsində aparılan islahatlarla öz müsbət nəticəsini verib.
Onun sözlərinə görə, yeddi – səkkiz il əvvəl mövcud olan sistemdə bir sıra ciddi nöqsanlar aşkarlanmış, xüsusilə saxta əlillik halları və sosial vəziyyətin ağır göstərilməsi yolu ilə sui-istifadələr müşahidə olunmuşdu:
"O dövrdə çoxlu sayda saxta əlillik halları, sosial vəziyyətin daha ağır göstərilməsi ilə bağlı sui-istifadə halları müşahidə olunurdu. Aparılan islahatlar fonunda həm regionlar səviyyəsində, həm də Bakı şəhərində ciddi nöqsanlar müəyyən edildi. Bu gün isə artıq əlilliklə bağlı sənədlərin verilməsi, yoxlanılması prosesi şəffaflaşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əlaqəli dövlət qurumları arasında kommunikasiya gücləndirilib. Bir şəxsin əlillik təyinatı ilə bağlı olaraq sahə mütəxəssislərinin rəyləri və onların toplanması prosesi şəffaflığı təmin edir ki, nəticədə həqiqətən əlilliyi olan şəxslərin təyinat alma imkanları da artıb".
QHT sədri vurğulayıb ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir: sosial yardımlar yalnız dövlətə yük olmaqla kifayətlənməməli, eyni zamanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını və iqtisadi dəyər yaratmasını dəstəkləməlidir:
"Təbii ki, bu fonda son dövrlərdə həm yeni əlillərin təyin edilməsi, həm də əvvəllər müəyyən səbəblərlə kölgədə qalmış və ya sənədləri düzgün təqdim olunmamış şəxslərin də müəyyənləşdirilməsi baş verir. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə tətbiq edilən praktikalar göstərir ki, sosial yardımlar və dəstək proqramları elə şəkildə təşkil edilməlidir ki, onlar yalnız dövlətə yük yaratmasın, əksinə, həmin şəxslərin cəmiyyətə adaptasiyasını təmin etməklə iqtisadi dəyər yaratsın."
Ardı var...
Pərvanə Fərhadqızı