Xəbərlər 03.06.2025 10:36 193

“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyi yeni layihənin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyi iyun ayının 1-dən avqust ayının 31-dək “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihə gənc qızlara və işə ehtiyacı olan qadınlara Azərbaycan və digər Türk xalqlarının milli ornamentli toxuculuq və ebru sənətinin öyrədilməsinə, həm qədim mədəni irsimizin qorunub saxlanılmasına, həm də layihəyə cəlb olunanların peşəkar bacarıqlarının artırılması ilə yanaşı, iqtisadi müstəqillik qazanmalarına şərait yaratmağa həsr olunub. Bunun üçün toxuculuq və ebru sənəti üzrə təlim kursları təşkil ediləcək. Bu kurslarda gənc qızlar, eləcə də evdar və işsiz qadınlar Türk xalqlarının mədəni irsinin bir hissəsi olan qədim sənətkarlıq sahələrində peşəkar bacarıqlara yiyələnəcəklər. Təlim proqramına nəzəri biliklər, praktiki məşğələlər və müvafiq məhsulların hazırlanması daxildir. Layihənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq. Sonda layihə iştirakçılarının hazırladıqları əl işlərinin satış-sərgisi təşkil ediləcək. Nəticədə onların məşğulluq səviyyəsi və iqtisadi müstəqilliyi qismən artacaq. Layihə həmçinin bu qədim sənət sahələrinin gələcək nəsillərə ötürülməsinə də imkan yaradacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı