Xəbərlər 25.06.2025 20:00 94

“Mənə İşıq Göstər” - Yaşlıların nəsihəti gələcəyi aydınladır

“Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin qalibi olmuş “Mənə İşıq Göstər” layihəsinin icrasına başlayıb.

QHT.az xəbər verir ki, 1 iyun - 31 avqust tarixlərini əhatə edəcək “Mənə İşıq Göstər” layihəsi erkən nikahlarla mübarizədə yaşlı nəslin rolu və maarifləndirici gücünü ön plana çıxarmağı hədəfləyir. 

Layihənin əsas məqsədi ailə və cəmiyyət dəyərlərinin qorunması fonunda yaşlı nəslin yolgöstərən və nüfuzlu mövqeyindən istifadə edərək, erkən nikahların qarşısının alınmasına töhfə verməkdir. Layihə çərçivəsində ilkin mərhələdə Şamaxı rayonunda Təlimçilər üçün Təlim (TOT) proqramı baş tutacaq. Daha sonra xüsusi təlimdən keçmiş yaşlı nəslin nümayəndələri Yevlax, Ağsu, Sabunçu, Şamaxı, Ağdaş və Xəzər rayonlarında əhali ilə birbaşa görüşlər keçirəcəklər. Görüşlər fiziki və psixoloji sağlamlıq, eləcə də ailə münasibətlərində formalaşmış stereotiplər kimi mövzuları əhatə edəcək. 

Qeyd etmək istəyirik ki, seçilmiş regionlar son illərdə erkən nikah hallarının nisbətən yüksək qeydə alındığı ərazilərdir. Məhz bu səbəbdən yaşlı nəslin fəal iştirakı ilə həmin bölgələrdə geniş auditoriyalarla görüşlərin təşkili planlaşdırılır.

Layihənin sonunda iştirakçılar erkən nikahların fəsadları, ailədaxili qərarların psixoloji aspektləri və sağlam ailə modeli ilə bağlı bilik və bacarıqlar qazanaraq, öz icmalarında maarifləndirici fəaliyyətə cəlb ediləcəklər.

Layihənin gedişatı və yeniliklərlə bağlı QHT.az və “Üçüncü Bahar” İB-nin sosial şəbəkə hesablarından tanış ola bilərsiniz.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı