Xəbərlər 14.05.2025 11:11 56

"Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzərində fəaliyyətimizi genişləndirəcəyik" - MÜSAHİBƏ

QHT.az olaraq “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin sədri Natiq Əhmədovla geniş bir müsahibə keçirərək təşkilatın gələcək fəaliyyətləri və sosial dəstək aksiyaları ilə bağlı suallar verdik. Təşkilatın rəhbəri çoxsaylı sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir və bu dəfə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial inteqrasiyasına xüsusi diqqət yetirməkdə qərarlıdır. 

 

QHT.az: Təşkilat olaraq gələcəkdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial inteqrasiyası sahəsində hansı addımları atmağı planlaşdırırsınız?

Natiq Əhmədov: Biz “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyi olaraq, gələcəkdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial inteqrasiyasına yönəlik bir sıra mühüm addımlar atmağı planlaşdırırıq. Bu sahədə çalışmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki bu şəxslərin cəmiyyətə tam inteqrasiyasını təmin etmək və onlara hüquqi, tibbi, maddi və mənəvi dəstək olmaq çox vacibdir. Biz artıq bu istiqamətdə bəzi layihələrə başlamışıq və gələcəkdə bu fəaliyyətləri daha da genişləndirəcəyik. Əlilliyi olan şəxslərə sosial xidmətlər göstərən mərkəzlər açmaq, onlara təhsil və məşğulluq sahəsində dəstək olmaq məqsədilə bir çox təşəbbüslərimiz olacaq.

 

QHT.az: Bu aksiyanın digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulurmu?

Natiq Əhmədov: Bəli, bu aksiyanı bütün rayonlarda davam etdirməyi planlaşdırıram. Hansı bölgədən çox müraciət olarsa, o bölgələrə gedirəm və insanların qayğısına qalmağa çalışıram. Bu fəaliyyətlərim yalnız bir bölgə ilə məhdudlaşmayacaq. İnsanların ehtiyaclarını yerində öyrənib, onlara konkret kömək etmək məqsədilə səfərlərimizi davam etdirəcəyik. Mənim öz həyatımda da böyük çətinliklərlə üzləşmiş bir insan kimi, bu işə başlamağımın səbəbi mənim öz övladımın da çətinliklərlə üzləşməsidir. Övladım ürək qüsurundan əziyyət çəkirdi və 2 dəfə xaricdə əməliyyat olunmuşdu. Bu xeyirxah əməliyyat nəticəsində övladım indi normal həyatını yaşayır, ali təhsillidir və 5 dildə sərbəst danışır. Bu nailiyyətlərinə görə şəxsən Mehriban xanıma özümü borclu sayıram. Övladımın əməliyyatlarının bütün xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Mən də bu xeyirxah əməliyyatdan sonra 2008-ci ildən başlayaraq xeyriyyə işləri ilə məşğul oldum və 2010-cu ildən etibarən "Məlahətli Ana Uşaqlara Yardım İctimai Birliyi"ni təsis etdim.

Bu müddət ərzində 10 000-lərlə insana maddi və mənəvi dəstək olmuşam. Heydər Əliyev adına sarayda və başqa yerlərdə xeyriyyə konsertləri təşkil edərək həmçinin Azərbaycanda, bəzən də qonşu dövlətlərdə əməliyyatlar etdirmişəm. Bununla yanaşı, illərlədir ki, sentyabr aylarında imkansız ailələrin övladlarına məktəbli forması və məktəb ləvazimatı hədiyyə edirəm.

 

QHT.az: Təşkilatınızın fəaliyyəti çərçivəsində indi hansı yeni layihələr üzərində işləyirsiniz?

Natiq Əhmədov: Hazırda, biz həmçinin tibb sahəsində fəaliyyətlərimizi genişləndiririk. Məsələn, indi Suraxanı Tibb Mərkəzində üç müraciət əsasında birgə çalışıram. "Məlahətli Ana" qəzetinin təsisçisi və baş redaktoruyamı. Qəzetim vasitəsilə həmçinin sosial yardım sahəsindəki fəaliyyətlərimi daha geniş auditoriyaya çatdırmağa çalışıram. Həmçinin 100 000-dən çox insana tibbi yardım etmişəm və öz hesabıma 3460 uşağa kiçik toylar etmişəm. Bu fəaliyyətləri davam etdirmək və ehtiyacı olan insanlara yardım etmək bizim əsas məqsədimizdir.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı