Pərvanə Vəliyeva: "QHT.az vətəndaş cəmiyyətinin inkişafına töhfə verən etibarlı platformadır”
Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə kollektivə təbrik ünvanlayaraq, bu platformanın Azərbaycanda QHT sektorunun inkişafına, ictimai informasiya məkanının zənginləşməsinə və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi dəyərli töhfələri yüksək qiymətləndirib:
"Azərbaycan vətəndaş cəmiyyəti üçün mühüm əhəmiyyət daşıyan, etibarlı informasiya platforması QHT.az saytının fəaliyyətə başlamasının 10 ili tamam olur. On il ərzində bu sayt QHT sektorunun informasiya bazasına çevrilərək, qeyri-hökumət təşkilatlarının gündəmini formalaşdırmaqda və fəaliyyətlərini geniş ictimaiyyətə çatdırmaqda mühüm rol oynayıb.
QHT.az yalnız bir xəbər portalı deyil, həm də QHT-lərin səsi, onların layihələrinin, təşəbbüslərinin, sosial və humanitar təşviqatlarının, beynəlxalq çağırışlarının cəmiyyətə çatdırılmasında effektiv körpü funksiyasını yerinə yetirib. Burada dərc olunan xəbərlər, müsahibələr, təhlillər cəmiyyətlə dövlət qurumları arasında münasibətlərinin möhkəmlənməsinə dəstək olub.
Bu platformanın uğurunun arxasında isə savadlı, prinsipial və təcrübəli bir rəhbərlik dayanır. QHT.az komandası məhdud resurslar və azsaylı işçi heyəti ilə geniş miqyaslı və peşəkar fəaliyyət göstərməyi bacarıb. Onların fəaliyyəti göstərir ki, əgər işə inamla və məsuliyyətlə yanaşılırsa, kiçik bir komanda da böyük dəyişikliklərə imza atıla bilər.
QHT.az eyni zamanda QHT–media əməkdaşlığı üçün uğurlu modeldir. Sayt həm media dili baxımından, həm də QHT-lərlə korrekt münasibət və balanslı yanaşma baxımından sektorda nümunə rolunu oynayıb.
Bu il dönümü sadəcə bir yaş göstəricisi deyil, həm də vətəndaş cəmiyyətinin inkişafına verilən töhfənin kəmiyyət təsdiqidir.
QHT.az rəhbərliyi və komandasını 10 illik yubiley münasibətilə ürəkdən təbrik edirik! "