FHN-in idmanda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib
19-23 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Kazan şəhərində Beynəlxalq Kəmər Güləşi Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında kəmər güləşi üzrə dünya çempionatı keçirilib.
QHT.az xəbər verir ki, çempionatda 40 ölkədən 560 idmançı öz qüvvəsini sınayıb. Turnirdə iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qadın əməkdaşı leytenant Gözəl Zutova yüksək nəticə əldə edib. Belə ki o, 65+ kq çəki dərəcəsində 5 görüş keçirərək çempionatın gümüş medalına layiq görülüb.
Qalibə Beynəlxalq Kəmər Güləşi Federasiyasının təsis etdiyi medal, diplom və kubok təqdim edilib. Gözəl Zutova ölkəmizi Saudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək 6-cı İslam Həmrəylik oyunlarında təmsil edəcək.
4-6 iyul 2025-ci il tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate Federasiyasının dəstəyi və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində azanılmış Qələbəmizə həsr olunmuş karate üzrə uşaq, yeniyetmə və gənclər arasında “Zəfər kuboku” turniri keçirilib.
Turnirdə müxtəlif klub və idman cəmiyyətlərindən 40-a yaxın komandanın 800-ə yaxın idmançısı müxtəlif yaş kateqoriyalarında və çəki dərəcələrində kata və kumite yarışlarında mübarizə aparıblar. FHN-in uşaq, yeniyetmə və gənclərdən ibarət karate komandası Nazirliyin İdman-sağlamlıq klubunun karate üzrə məşqçi-müəllimləri Coşqun Sadıqov, Murad Hacızadə, Rafael Məmmədov, Akif Kərimov, Anar Gülmalıyev, Anar Əhmədov və Xəyal Məmmədovun rəhbərliyi altında yarışlara qatılaraq yüksək nəticələr əldə edib. Komandanın üzvləri ümumilikdə 10 qızıl, 5 gümüş və 12 bürünc medal qazanıb. FHN-in komandası medal sayına görə 2-ci yerə layiq görülüb.
Qaliblərə Azərbaycan Karate Federasiyasının təsis etdiyi medal, diplom və kubok təqdim olunub.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev kəmər güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı və karate turnirində uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.