Xəbərlər 06.05.2025 19:06 57

Mədəni irsimizi yaşadanlar

Mədəni irsimizi yaşadanlar

 

Ərkivanlı dulusçu Tahir Cəfərov

 

Tarixə söykənən, ululardan qaynaqlanan, nəsildən-nəslə ötürülən xeyir-dualı işin son ucu ruzi-bərəkətli olur. 
Dulusçuluq Masallı rayonunun Ərkivan qəsəbəsində eramızdan əvvəlki minillikdə təşəkkül tapıb və bu günəcən davam etdirilir. 
Tahir Cəfərov uzun illərdir ki, xalqımızın məişət və mədəniyyət nümunəsini özündə əks etdirən bu sənəti yaşadır. 40 ildən artıqdır ki, mərhum atası Abdulla kişinin miras qoyduğu sənətin ağırlığını, yükünü çiynində daşıyır.
Tahir artıq bu sahədə ixtisaslaşıb, rifah halı üçün möhkəm zəmin yaradıb. İllər kecdikcə püxtələşib, işin keyfiyyət və səmərəliyini artırmağa çalışıb, rəqabət üstünlüyünə nail olub. 
55 yaşlı keramika ustası deyir ki, əvvəllər bərni, nehrə, küp, kuzə, kasa, çölmək düzəldirdiksə, bu gün məişətdə işlətdiyimiz müxtəlif formalı qablarla yanaşı müasir tələbata uyğun məmulat nümunələri də hazırlayırıq. 
Öyrənirik ki, məmulat üçün əsas xammal hesab olunan torpaq ilkin mərhələdə əzilir, yumşaq hala salınır, daşlardan təmizlənir və yoğrularaq “kündə”yə çevrilir. Hazırlanan qablar qurudulduqdan sonra kürədə bişirilir...
Tahir dulus çarxı üzərinə qalxır, ecazkar barmaqların qıvraq, dayanıqsız hərəkətiylə torpaq kütləsinin dekorasiyalı sənətə çevrilməsini heyrətlə izləyirik.
Ustanın sözlərinə görə, allıcılarda maraq yaratmaq üçün yaradıcı üsullardan istifadə etməlisən. Əllə hazırlanmasına rəğmən qabların simmetrik formaya salınması bacarıq tələb edir. Müxtəlif formalı səhəng, güldan, dolça, dekorativ qablar, suvenirlər bu yaradıcı insanın peşəkarlıq səviyyəsindən, zövqündən xəbər verir. Tahir hazırladığı gil qab nümunələrində yapma və oyma üsulunun uğurlu tətbiqinə nail olur. 
Müsahibimiz sonda vurğuladı ki, nə qədər yeni, müasir formalı qablara üstünlük versək belə, qədim məişət nümunələrimizə, eləcə də mədəni irsimizi yaşadanlara laqeyd münasibət bəsləməməliyik.

 

Akif AĞAYEV, 

 

foto: Elsevər Əliyev, Faiq Mirzə
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı