Xəbərlər 29.05.2025 08:25 255

"Milli geyimdə gəzinti" – Mədəni irsimizi yaşadan addımlar - FOTOLAR

Azərbaycanın milli-mədəni kimliyinin təbliği istiqamətində həyata keçirilən unikal və davamlı layihələrdən biri olan “Milli geyimdə gəzinti” bu il 10 illik yubileyini qeyd edir.

QHT.az xəbər verir ki, layihə ilk dəfə 2015-ci ildə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin təşəbbüsü ilə həyata keçirilib və ötən illər ərzində ənənəvi mədəni hadisəyə çevrilib. “Milli geyimdə gəzinti” layihəsi milli geyimlərimizin gündəlik həyatımıza inteqrasiyası, ictimaiyyətə tanıdılması və unudulmaqda olan mədəni irsimizin yenidən canlandırılması məqsədi daşıyır. Tədbirin çoxyönlü  məqsədləri sırasına  gənc nəslin milli kimlik və mədəni irsə bağlılıq hisslərinin gücləndirilməsi, Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin geniş ictimaiyyətə çatdırılması, şəhər mədəniyyətimizə mənəvi zənginliyimizin  qatılması da daxildir.

“Milli geyimdə gəzinti” yalnız estetik bir tədbir deyil, həm də mədəniyyətimizin canlı nümayişidir. Adətən səhnədə və podiumlarda gördməyə adət etdiyimiz  milli geyimləri müxtəlif yaş  qrupundan olan insanların , fərqli  peşə sahiblərinin, üzərində  daşıyaraq gündəlik həyatda və  ictimai məkanlarda təqdim etməsi  bu geyimləri həyatımıza daha yaxın edir, insanlar arasında maraq və sevgi yaradır, unudulmaqda olan dəyərlərin yenidən gündəmə gətirilməsinə səbəb olaraq  xalqın öz keçmişinə sahib çıxma hissini gücləndirir.

Şəhərin mərkəzi küçələrində baş tutan “Milli geyimdə gəzinti” həm də şəhərimizin qonaqları  üçün canlı mədəniyyət nümayişi olmaqla, Azərbaycana məxsus koloritin yaddaşlarda qalmasına da səbəb oldu. Onu da qeyd etmək lazımdır ki, belə gəzintilər yalnız turistlər üçün deyil, həm də əhali üçün visual-mədəni təcrübə  rolu oynadı. Onlar iştirakçıları alqışlarla qarşılayıb, milli geyimlərimiz barədə suallar verir,  bu geyimlərin möhtəşəmliyini vurğulayırdılar.  

Hər il daha çox insanın könüllü olaraq qatıldığı bu tədbir cəmiyyətin müxtəlif zümrəsindən, müxtəlif yaş qruplarından yeni simaları bir araya gətirir. Bu isə, milli  mədəniyyətimizə, dəyərlərimizə olan maraq və bağlılığın  ildən-ilə artdığını  nümayiş etdirir.

Gəlin, dəyərlərimizi  birgə yaşadaq və nümayiş etdirək!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı