Xəbərlər 20.05.2025 09:26 98

“Yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi və piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi 19 may 2025-ci il tarixində Maştağa qəsəbəsində yerləşən C. Nurməmmədov adına 108 №-li tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi və piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatını keçirmişdir.

QHT.az xəbər verir ki, həmin tarixdə məktəbin pedaqoji kollektivi və rəhbərliyinin iştirakı ilə layihənin rəsmi təqdimatı baş tutmuşdur. Təqdimatın keçirilməsi üçün məktəbin sinif otağında əvvəlcədən hazırlıq işləri görülmüş, səliqə-sahman yaradılmış, layihənin roll-up banneri qurulmuş, masaların üzərinə yol hərəkəti təhlükəsizliyinə dair yaddaş kitabçaları, uşaq hüquqları ilə bağlı broşürlər, məlumat daşıyıcıları və digər layihə atributları yerləşdirilmişdir.

Təqdimat tədbiri saat 13:00-da başlamışdır. Layihə rəhbəri N. Nəcəfov tədbir iştirakçılarını salamlamış, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirilən bu layihənin məktəblilərin fərdi təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğulamışdır.

Tədbirdə C. Nurməmmədov adına 108 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Əkbərova, müəllimlər Aynur Rzayeva, Xırdaxanım Kazımova, Səhər Rəhimova, metodbirləşmə rəhbəri Şəhla Kazımova çıxış etmişlər. Onlar yeniyetmələrə piyada mədəniyyətinin aşılanması istiqamətindəki müşahidələrini bölüşmüş, valideynlərlə əməkdaşlığın gücləndirilməsini, mövzuya dair dərs vəsaitləri ilə yanaşı praktik rollu oyunların və vebinarların təşkili fikrini irəli sürmüşlər. Maraqlı təkliflərdən biri də məktəbdaxili ərazidə kiçik avtodrom yaradılması və burada vaxtaşırı praktik məşğələlərin keçirilməsi ilə bağlı olmuşdur.

Tədbir zamanı foto və video çəkilişlər aparılmışdır.

Hazırda Maştağa qəsəbəsində “Yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi və piyada mədəniyyətinin aşılanması” layihəsinin icrası davam edir. Yaxın günlərdə məktəblilər üçün Yol Patrul Xidməti əməkdaşlarının iştirakı ilə seminarlar, tədris vəsaitlərindən və xüsusi təlim dəstlərindən istifadə edilməklə praktik məşğələlər və digər maarifləndirici tədbirlər planlaşdırılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı