Büdcəyə olan borcların çox artması arzuolunan deyil - Professorun çağırışı
İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında büdcə prosesinin effektiv idarə olunmasının ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Onun sözlərinə görə, büdcə xərclərinin optimallığı və vaxtında yığımların reallaşdırılması büdcə siyasətinin əsas sütunlarından biridir:
"Sözsüz ki, büdcə prosesinin həyata keçirilməsi baxımından, o cümlədən büdcə xərclərinin optimallığı və effektivliyi nöqteyi-nəzərdən vaxtında yığımların reallaşdırılması vacib rol oynayır. Məlumdur ki, büdcə daxilolmaları nöqteyi-nəzərdən vergi yığımları həmin daxilolmalarda böyük paya malikdir və bunun özü deməyə əsas verir ki, vergi yığımlarında borcların artması təbii ki, bütövlükdə büdcə prosesinə öz təsirlərini göstərməlidir. Düşünürəm ki, büdcə siyasətinin həyata keçirilməsi nöqteyi-nəzərdən fiskal yığımların tənzimlənməsi və fiskal yığımlarla bağlı effektivliyin təmin edilməsi çox vacibdir. Bununla yanaşı, hesab edirəm ki, fiskal yığımlar, o cümlədən vergi yığımları nöqteyi-nəzərdən sərt inzibati mexanizmlərdən əlavə müvafiq stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi də çox vacibdir. Bu iki istiqamət üzrə tədbirlərin bir-birini tamamlayaraq həyata keçirilməsi isə uzunmüddətli müsbət effekt verə bilər".
Qeyd edək ki, Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə hesabatlara əsasən, 2024-cü ilin sonuna dövlət büdcəsinə olan borcların (qalıqların) həcmi ilin əvvəli ilə müqayisədə ümumilikdə 344,9 mln. manat və ya 12,2% artaraq 3169,3 mln. manat təşkil edib. Bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.
Pərvanə Fərhadqızı