“Qəbələ – 11-ci Əhatələndirmə Sessiyası” adlı tədbir keçirilib - FOTOLAR
MDB ölkələrinin Gənclər Paytaxtı seçilən Qəbələ şəhərində Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Financial Chain Corporation”un tərəfdaşlığı ilə “Qəbələ – 11-ci Əhatələndirmə Sessiyası” adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, açılış mərasimində Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin prezidenti Güldanə Dadaşova qonaqları salamlayıb və tədbirin əhəmiyyəti barədə məlumat verib. Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti barədə, Azərbaycan gənclərinin hərtərəfli inkişafı, onların cəmiyyətin fəal üzvünə çevrilməsi və ölkənin gələcəyində aparıcı rol oynaması üçün yaradılan imkanlardan bəhs edib.
Fchain Corporation şirkətinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Günel Musa isə bu cür tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasında və onların gələcək peşəkar inkişafında oynadığı rolu vurğulayıb. Ardınca “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Murad Qasımlı çıxışında İctimai Birliyin gənclərin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən danışıb və tədbir iştirakçılarına uğurlar arzulayıb. Rəsmi açılış hissəsindən sonra iştirakçılar qruplara bölünərək Avropa Parlamenti simulyasiyası formatında müxtəlif mövzularda müzakirələr aparıblar.
Sonda iştirakçılara sertifikat təqdim edilib.
Qeyd edək ki, tədbirin əsas məqsədi gənclərin fəal vətəndaşlıq bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif mövzular ətrafında dərin müzakirələrin aparılması, analitik düşünmə, debat və tənqidi yanaşma bacarıqlarının təkmilləşdirilməsi üçün iştirakçılara unikal imkan yaratmaqdır.