"Azərbaycanlı tələbələrin yeni təhsil coğrafiyası formalaşır" – QHT sədri Vüqar Əhmədov
Azərbaycanın Almaniya Federativ Respublikası və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv edilib. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Məsələ ilə bağlı QHT.az-a açıqlama verən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov bildirib ki, bu sərəncam obyektiv zərurətdən doğan bir qərardır, çünki bu gün Avropada, o cümlədən Fransa və Almaniyada kifayət qədər təhsil alan tələbələrimiz vardır:
"Həmin sahədə yetərincə təhsil proqramları həyata keçirilib. Yeri gəlmişkən, Azərbaycanda yerləşən Avropa İttifaqının Erasmus təhsil proqramı ofisinin də fəaliyyəti bu yaxınlarda dayandırılıb. Bu baxımdan, sərəncamı adekvat və dövrün tələbinə uyğun bir qərar hesab etmək olar. Hazırda Azərbaycan tələbələri təhsil almaq üçün daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə, Türkiyəyə, Şərqi Asiya dövlətlərinə və Çinə üz tuturlar. Prezidentin Çinə son dövlət səfəri zamanı təhsil mübadiləsi məsələləri diqqət mərkəzində olmuş və tələbələrimizin Çində təhsil almaları ilə bağlı razılaşmalar əldə olunmuşdur. Təhsil siyasəti dövlətin maraqlarına uyğun formalaşır. İlk xaricdə təhsil proqramı qəbul olunarkən çox sayda azərbaycanlı tələbə dövlət hesabına Avropa ölkələrinə – Almaniya, Fransa və İngiltərəyə göndərilmişdi. Hazırda isə bu ölkələrə təhsil üçün gedənlərin əksəriyyəti dövlət və beynəlxalq proqramlarla deyil, fərdi şəkildə müraciət edərək qəbul alırlar. Bu isə Almaniya və Fransadakı səfirliklərimizdə təhsil üzrə attaşe vəzifələrinə olan tələbatı azaldır".
QHT sədri həmçinin qeyd edib ki, bununla belə, bu ölkələrdə yaşayan azərbaycanlı tələbələrin məsələləri daim dövlətimizin və səfirliklərimizin diqqətindədir, onlar bu ölkələrdə təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər:
"Hazırda isə Azərbaycanlı tələbələrin daha çox texnoloji inkişaf etmiş yeni coğrafiyalara – Şərqi Asiya ölkələrinə və Çinə inteqrasiyası müşahidə olunur."
Pərvanə Fərhadqızı
QHT.az