Xəbərlər 14.04.2025 13:26 404

Tanınmış ictimai xadim və hüquqşünas Səməd Vəkilov 50 illik yubileyini qeyd edir

Tanınmış ictimai xadim və hüquqşünas Səməd Vəkilov bu gün 50 illik yubileyini qeyd edir. 


Səməd Vəkilov 1998–1999-cu illərdə döyüş bölgəsində həqiqi hərbi xidmət keçmişdir. Gənc yaşlarından ölkəyə və xalqa xidmət prinsipləri ilə yaşayan Səməd müəllim, sonrakı illərdə hüquq sahəsində özünü peşəkar və vətənpərvər vəkil, həm də vətəndaş cəmiyyəti nümayəndəsi kimi təsdiq etmişdir.
O, qeyri-maddi mədəni irsin hüquqi qorunması üzrə çoxsaylı elmi və publisistik məqalələrin, həmçinin AMEA Rəyasət Heyətinin təsdiq etdiyi “Folklor örnəklərinin hüquqi qorunması və milli reyestrin aparılması strategiyası” adlı normativ sənədin müəllifidir. Bununla yanaşı, insan hüquqları və məhkəmələrin monitorinqi sahəsində də bir çox layihədə iştirak etmiş və rəhbərlik etmişdir.

 

Səməd Vəkilov həm də məhsuldar elmi yaradıcılıq fəaliyyəti ilə seçilir. Onun müəllifi olduğu əsərlər arasında “Hüquq və mədəniyyət” (2010), “Azərbaycan folklor örnəklərinin hüquqi qorunması” (2020), “Sədaqət və cəsarət kredosu” (2022), “Qərbi Azərbaycandan deportasiya: İmirlidə məskunlaşma” (2023), “Etnik təmizləmənin sonuncu mərhələsi (1987–1991): Çalxanqalaya köç” (2024) kimi mühüm kitablar yer alır. O, həmçinin “Çağdaş Azərbaycanda İslam və cəmiyyət” kitabının həmmüəllifi və “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003–2023)” adlı üçcildliyin tərtibçisidir.
 

Təcrübəli hüquqşünas kimi müxtəlif ictimai qurumlarda mühüm vəzifələrdə çalışmış, “Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzi”ndə şöbə müdiri, “İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi”ndə icraçı direktor olmuşdur. 2008-ci ildən “Müvəkkil Hüquq Mərkəzi”nin sədri kimi fəaliyyət göstərən Səməd Vəkilov, eyni zamanda 2019-cu ildən etibarən “Vaqif Səmədoğlu Mərkəzi”nin həmtəsisçisi olaraq ictimai fəaliyyətini davam etdirir.
 

Bu yerdə xüsusilə vurğulamaq lazımdır ki, onun rəhbərlik etdiyi “Müvəkkil Hüquq Mərkəzi” şəhid ailələrinə və qazilərə göstərdiyi pulsuz hüquqi yardım xidmətləri ilə geniş rəğbət qazanmışdır.
 

QHT.az kollektivi olaraq Səməd Vəkilovu 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, hüquq və vətəndaş cəmiyyəti sahəsindəki dəyərli fəaliyyətində ona yeni nailiyyətlər, möhkəm cansağlığı və davamlı uğurlar arzulayırıq.
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı