Südabə Məmmədova: "Mediatorlar "peşəkar yanma"dan qorunmaq üçün psixoloji dəstək alacaqlar"
Gəncə bir saylı Mediasiya təşkilatının direktoru Südabə Məmmədova QHT.az-a açıqlamasında bildirib ki, Peşəkar Psixoloqlar İctimai Birliyinin sədri Səbinə İsmayılova ilə görüş keçirilib.
Onun sözlərinə görə, görüş zamanı gələcəkdə imzalanacaq əməkdaşlıq memorandumunun şərtləri müzakirə olunub:
"Memorandum çərçivəsində Gəncə bir saylı Mediasiya təşkilatının mediatorları Peşəkar Psixoloqlar İctimai Birliyinin psixoloji xidmətlərindən mütəmadi şəkildə yararlanacaqlar. Eyni zamanda, ehtiyac duyan müraciətçilər ən yaxşı psixoloqlara yönləndiriləcək".
Südabə Məmmədova qeyd edib ki, mediatorlar arasında tez-tez rast gəlinən "peşəkar yanma" sindromunun qarşısının alınması üçün müxtəlif terapiyalar tətbiq ediləcək:
"Peşəkar yanma dedikdə, fiziki, emosional və zehni tükənmə başa düşülür və bu özünü daha çox sosial sahədən olan peşələrdə göstərir. Qeyd edim ki, emosional yanma– kifayət qədər məkrli bir prosesdir, çünki bu sindroma məruz qalan insan, adətən onun simptomlarını o qədər də yaxşı dərk etmir. O, özünü kənardan görə və ətrafda nə baş verdiyini başa düşə bilmir. Amma yanma sindromundan vaxtında xəbər tutmaq və ondan çox effektiv şəkildə müalicə olunmaq mümkündür. Bu məqsədlə Peşəkar Psixoloqlar İctimai Birliyi tərəfindən, şəxsən Səbinə İsmayılovanın rəhbərliyi ilə seminar və təlimlər təşkil ediləcək".
Pərvanə Fərhadqızı