İyunun 12-si dünyada Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Bu gün münasibətilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında uşaqların hüquqlarının qorunmasının və uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, Azərbaycanda uşaq hüquqlarının qorunması və azyaşlıların əməyə cəlb edilməsinin qarşısının alınması istiqamətində ardıcıl işlər görülür. O bildirib ki, 16 yaşına çatmamış uşaqların əməyə cəlb edilməsi qanunvericiliyə ziddir və uşaqların sağlam inkişafına mənfi təsir göstərir.

“Uşaqların 16 yaşına qədər sağlam böyüməsi, fiziki və psixoloji cəhətdən formalaşması cəmiyyətin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Sağlam uşaqlar ölkənin gələcək sosial və iqtisadi gücünün əsas təminatıdır”, – deyə Z.Nuriyeva vurğulayıb.

QHT sədri qeyd edib ki, rəhbərlik etdiyi təşkilat insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirdiyi maarifləndirmə fəaliyyətlərində uşaq əməyinin istismarı və onun əlamətləri barədə ictimaiyyətə məlumat verir.

O əlavə edib ki, vətəndaş cəmiyyəti institutları, uşaq təşkilatları və aztəminatlı ailələrlə çalışan qurumlar əhali arasında maarifləndirmə tədbirlərini gücləndirməli, belə hallarla rastlaşdıqda aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

“Gəlin uşaqlarımızı birlikdə qoruyaq, onların formalaşan fiziki və psixoloji inkişafını erkən əmək yükü altında qoymayaq. Dünyanın bəzi ölkələrində uşaqlardan faktiki olaraq kölə əməyindən istifadə edilir. Bu problemlə mübarizə aparmaq üçün beynəlxalq təşkilatlar və QHT-lər birgə fəaliyyət göstərməlidirlər”, – deyə o bildirib.

Z.Nuriyeva sonda qeyd edib ki, uşaq əməyinin istismarına qarşı mübarizə yalnız dövlətin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.

Zəhra Ağayeva