Süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda bu sahənin inkişafının müvəqqəti dayandırılması ilə bağlı çağırışlar yenidən gündəmə gəlib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellekt sistemləri yaxın gələcəkdə insan müdaxiləsi olmadan özlərinin daha inkişaf etmiş versiyalarını yaratmaq imkanına sahib ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ-nin süni intellekt şirkəti Anthropic tərəfindən yayımlanan “When AI Builds Itself” (“Süni intellekt özünü yaratdıqda”) adlı məqalədə bildirilib ki, bir modelin insan iştirakı olmadan öz davamçısını hazırlayıb öyrətməsi ehtimalı düşünüldüyündən daha yaxındır. Şirkətin məlumatına görə, Claude adlı süni intellekt sisteminin istehsal kod bazasına inteqrasiya edilən kodların 80 faizdən çoxu artıq modelin özü tərəfindən yazılır. Bu göstəricinin 2025-ci ilin əvvəlində yalnız birrəqəmli faizlərlə ölçüldüyü qeyd olunur.

Anthropic süni intellektin inkişafını beş mərhələyə bölərək hazırda dördüncü mərhələdə olunduğunu bildirir. Şirkətin qiymətləndirməsinə əsasən, son mərhələdə süni intellekt sistemləri öz modellərini yaratmaq və təlim keçmək imkanına malik olacaq. Bu isə texnologiyanın gələcək versiyalarının yenidən insan iştirakı olmadan inkişaf etdirilməsi ehtimalını artırır.

Süni intellektin inkişafının məhdudlaşdırılması ilə bağlı çağırışlar daha əvvəl də səsləndirilib. 2023-cü ildə Future of Life Institute tərəfindən yayımlanan açıq məktubda, o cümlədən iş adamı Elon Maskın da imzası ilə GPT-4-dən daha güclü sistemlərin hazırlanmasının ən azı altı ay müddətinə dayandırılması təklif olunmuşdu. Məktubda süni intellektin dezinformasiya, kütləvi işsizlik və cəmiyyət üzərində nəzarətin itirilməsi kimi risklər yarada biləcəyi vurğulanmışdı.

Bu il isə Roma Papası XIV Leo “Magnifica Humanitas” adlı sənədində süni intellektin yalnız texniki deyil, həm də hərbi, iqtisadi və idrak rəqabəti kontekstində məhdudlaşdırılması çağırışı ilə çıxış edib.

Bununla yanaşı, süni intellekt sahəsinə yatırımlar sürətlə artmaqda davam edir. Gartner şirkətinin 2026-cı il üzrə proqnozuna əsasən, qlobal süni intellekt bazarında xərclərin bu il 2,59 trilyon dollara çatacağı gözlənilir. Bu göstərici ötən illə müqayisədə 47 faiz artım deməkdir. Ekspertlər hesab edirlər ki, sektora yönələn böyük investisiyalar texnologiyanın inkişafının dayandırılması ilə bağlı çağırışların reallaşmasını çətinləşdirən əsas amillərdən biridir.

Piranə Xasiyeva