Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan OpenAI birjaya çıxmaq istiqamətində ilk rəsmi addımını atıb. Şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına ilkin kütləvi səhm təklifi üçün gizli S-1 sənədi təqdim etdiyini açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, OpenAI tərəfindən verilən məlumata görə, müraciət ictimaiyyətə açıqlanmadan əvvəl tənzimləyici qurumlarla ilkin müzakirələrin aparılmasına imkan yaradır. Şirkət rəhbərliyi bildirir ki, hazırda IPO-nun dəqiq vaxtı müəyyən edilməyib və özəl şirkət statusunun üstünlükləri hələ də qiymətləndirilir. Bununla belə, müraciət gələcəkdə münasib vaxtda sürətli şəkildə birjaya çıxmaq üçün hüquqi baza formalaşdırır.

Ekspertlərin qiymətləndirmələrinə görə, OpenAI süni intellekt bazarında lider mövqeyini qorumaq və yeni texnologiyalara investisiyaları artırmaq məqsədilə əlavə maliyyə resursları cəlb etməyə çalışır. Şirkətin bazar dəyərinin yüz milyardlarla dollar səviyyəsində olduğu qeyd olunur.

OpenAI-ın bu addımı süni intellekt sektorunda fəaliyyət göstərən digər iri şirkətlərin oxşar qərarlarından sonra atılıb. Son aylarda bir neçə texnologiya şirkəti də kapital bazarlarından vəsait cəlb etmək üçün IPO prosesinə başladığını açıqlayıb.

Mütəxəssislər hesab edirlər ki, IPO sənədlərinin gələcəkdə ictimaiyyətə təqdim olunması OpenAI-ın maliyyə göstəriciləri, gəlirləri və investisiya planları barədə daha ətraflı məlumatların ortaya çıxmasına şərait yaradacaq.

Şirkətin birjaya çıxmaq planlarının aktivləşməsi, OpenAI və onun həmtəsisçilərindən biri olan İlon Mask arasında davam edən hüquqi mübahisələrin əhəmiyyətli hissəsinin aradan qalxmasından sonraya təsadüf edir. Bu da şirkətin gələcək inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Piranə Xasiyeva