Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadir uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasının günün əsas tələblərindən biri olduğunu bildirib.
O qeyd edib ki, rəqəmsal texnologiyalar uşaqların təhsil alması, ünsiyyət qurması və dünyanı tanıması üçün geniş imkanlar yaratsa da, internet mühitində mövcud olan risklər onların inkişafına mənfi təsir göstərə bilər. Kiberzorakılıq, zərərli məzmun, dezinformasiya, onlayn fırıldaqçılıq və sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqların psixoloji, mənəvi və fiziki sağlamlığı üçün ciddi təhlükələr yaradır.
Firuzə Nadir vurğulayıb ki, ekran asılılığı, yaşa uyğun olmayan məzmunla tanışlıq və sosial şəbəkələrdə yayılan zərərli vərdişlər uşaqlar arasında müxtəlif davranış problemlərinin yaranmasına səbəb olur. Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi yalnız dövlət qurumlarının deyil, həm də ailə, məktəb, media və vətəndaş cəmiyyətinin ortaq məsuliyyətidir.
“Valideynlər uşaqların internet fəaliyyətinə daha ciddi nəzarət etməli, onlarla açıq dialoq qurmalı, müəllimlər isə rəqəmsal savadlılığın artırılmasına xüsusi diqqət yetirməlidirlər. Eyni zamanda, media və vətəndaş cəmiyyəti institutları maarifləndirmə fəaliyyətini gücləndirməlidir”, – deyə o bildirib.
İctimai Şura sədrinin sözlərinə görə, uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağalar deyil, maarifləndirmə və məsuliyyətli yanaşma prizmasından baxılması daha səmərəli nəticələr verə bilər. Uşaqlara internetdən təhlükəsiz istifadə qaydaları, şəxsi məlumatların qorunması və rəqəmsal risklərin tanınması öyrədilməlidir.
Firuzə Nadir Milli Məclisdə müzakirə olunan qanunvericilik dəyişikliklərini də müsbət qiymətləndirib. O bildirib ki, layihəyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmasına icazə verilməməsi, 16-18 yaş arası şəxslərin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsi nəzərdə tutulur.
Onun fikrincə, sözügedən dəyişikliklər uşaqların müdafiəsinə, onların sağlam və təhlükəsiz rəqəmsal mühitdə böyüməsinə xidmət edəcək. “Uşaqları qorumaq sabahımızı qorumaq deməkdir”, – deyə Firuzə Nadir əlavə edib.
Zəhra Ağayeva






