Azərbaycanda uşaq əməyinin qarşısının alınması üçün mövcud qanunvericilik bazası əsasən formalaşıb, lakin praktiki tətbiq sahəsində hələ də ciddi problemlər qalmaqdadır.

Bu fikirləri QHT.az-a açıqlamasında Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan uşaq hüquqlarının müdafiəsinə dair əsas beynəlxalq sənədlərə qoşulub və bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərin icrası üçün mütəmadi fəaliyyət göstərir.

“BMT-nin ‘Uşaq hüquqları haqqında’ Konvensiyası bu sahədə ən mühüm beynəlxalq sənədlərdən biridir. Azərbaycan da Konvensiyaya qoşulub və onun tələblərinə uyğun olaraq dövri hesabatlarını Uşaq Hüquqları Komitəsinə təqdim edir. Milli qanunvericilikdə də prinsip etibarilə həll olunmamış məsələ yoxdur. Konstitusiya, ‘Uşaq hüquqları haqqında’ Qanun və digər normativ sənədlər uşaqların hüquqlarının müdafiəsini və nəzarət mexanizmlərini müəyyən edir”, – deyə o bildirib.

Lakin ekspert qeyd edib ki, qanunvericilik bazasının mövcudluğu problemin tam həll olunduğu anlamına gəlmir.

“Praktikada uşaqların qanunsuz şəkildə əməyə cəlb edilməsi ilə bağlı çoxsaylı faktlarla rastlaşırıq. Xüsusilə rayonlarda azyaşlı uşaqların təsərrüfat işlərinə cəlb olunması geniş yayılıb. Təəssüf ki, bir çox hallarda bu hallara göz yumulur və lazımi tədbirlər görülmür”, – deyə Mirəli Hüseynov vurğulayıb.

QHT-lərin rolundan danışan ekspert bildirib ki, vətəndaş cəmiyyəti institutlarının əsas vəzifələri ictimai nəzarətin həyata keçirilməsi və maarifləndirmə işinin aparılmasıdır.

Onun fikrincə, QHT-lər valideynlərlə daha sıx işləməli, uşaqların vaxtından əvvəl əməyə cəlb edilməsinin onların fiziki, psixoloji və mənəvi inkişafına mənfi təsirlərini izah etməlidirlər. Eyni zamanda, aidiyyəti qurumların diqqətinin konkret problemlərə yönəldilməsi də QHT-lərin mühüm missiyalarından biridir.

Mirəli Hüseynov hesab edir ki, uşaq əməyinin azaldılması istiqamətində ilk növbədə problemin sosial-iqtisadi səbəbləri aradan qaldırılmalıdır.

“Təcrübə göstərir ki, uşaq əməyinin əsas səbəblərindən biri maddi çətinliklərdir. Daha çox aztəminatlı ailələrin uşaqları əməyə cəlb olunurlar. Ona görə də belə ailələrin sosial müdafiəsinin gücləndirilməsi və uşaqların maddi təminatının yaxşılaşdırılması vacibdir”, – deyə o qeyd edib.

Ekspert həmçinin məktəblərin, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və uşaqların hüquqlarının müdafiəsinə cavabdeh dövlət qurumlarının məsuliyyətinin artırılmasının zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin bu məsələyə diqqətinin artırılması və QHT təşəbbüsləri üçün daha əlverişli mühitin yaradılması ictimai nəzarətin güclənməsinə və problemin həllinə mühüm töhfə verə bilər.