Kamerunun şimal-qərb bölgəsində beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsinin azalması onsuz da uzun illərdir münaqişədən əziyyət çəkən icmaların vəziyyətini daha da çətinləşdirib. Yerli sakinlər bildirirlər ki, ərzaq yardımlarının dayandırılması və iqtisadi imkanların azalması insanların gündəlik həyatına ciddi təsir göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, münaqişə səbəbindən evini tərk etməyə məcbur olan 35 yaşlı Lum Nikol gələcəyini qurmaq ümidi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi proqramda iştirak edib. Proqram çərçivəsində məcburi köçkünlərə biznes təlimləri və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün dəstək göstərilirdi.

Nikol kiçik ərzaq mağazası açmaq məqsədilə qeyri-sabit kənd təsərrüfatı işindən ayrılıb və bütün diqqətini yeni biznesinə yönəldib. Lakin fəaliyyətə başlamaq üçün nəzərdə tutulan ilkin maliyyə dəstəyini almağa az qalmış proqram gözlənilmədən dayandırılıb.

Yerli sakinlərin sözlərinə görə, yardım layihələrinin bağlanması təkcə birbaşa benefisiarları deyil, həm də yerli iqtisadiyyatı mənfi təsirləndirir. Bir çox ailələr ərzaq yardımlarından məhrum olub, kiçik sahibkarlar isə müştəri sayının azalması ilə üzləşiblər.

Ekspertlər xəbərdarlıq edirlər ki, iqtisadi imkanların məhdudlaşması və sosial vəziyyətin pisləşməsi silahlı qrupların yeni üzvlər cəlb etməsini asanlaşdıra bilər. Onların fikrincə, uzunmüddətli sabitliyin təmin olunması üçün humanitar və inkişaf proqramlarının davamlı maliyyələşdirilməsi vacibdir.

Kamerunun bəzi bölgələri artıq on ildən çoxdur ki, silahlı qarşıdurmaların təsiri altında yaşayır və beynəlxalq yardımın azalması mövcud problemləri daha da dərinləşdirir.

Piranə Xasiyeva