1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya hücum edərək dinc əhaliyə misilsiz vəhşiliklə divan tutdu. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 yaşlı insan amansızcasına qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlumdur. Xocalı şəhəri yerlə-yeksan edildi.

Bu qətliam Ermənistanın Azərbaycana qarşı uzun illər planlaşdırdığı etnik təmizləmə siyasətinin bir hissəsi idi. Lakin o dövrdə Azərbaycan hakimiyyəti bu faciəyə siyasi qiymət vermədi. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi və 26 fevral "Xocalı soyqırımı günü" elan olundu.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Bu günədək bir çox ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb.

2020-ci ildə Azərbaycan Ordusunun şanlı Zəfəri ilə ədalət bərpa olundu, Xocalının qisası alındı. 2023-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda üçrəngli bayrağımızı ucaldaraq şəhərin azadlığını rəsmiləşdirdi.

Bu gün Xocalı soyqırımının 33-cü ildönümündə biz yalnız faciəni anmır, həm də onun tanınması uğrunda mübarizəni davam etdiririk. Tarix unutmaz, ədalət isə gec-tez zəfər çalır!

 

Azər Allahverənov
Millət vəkili