26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı Niderland Krallığında anım mərasimi təşkil edilib.
QHT.az xəbər verir ki, tədbir Haaqa şəhərində, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında başladı. İlk öncə, Xocalı sakinləri və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anıldı, daha sonra ruhlarına Quran tilavəti bəxş edildi, monumentin önünə əklil və çiçəklər qoyuldu. Anım mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin himnləri ilə başladı.
Mərasimi təşkil edən Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin sədrinin video çıxışı səsləndirildi. Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin nümayəndələri, Türkiyə Cümhuriyyətinin böyükelçiliyinin nümayəndələri çıxış etdilər.
Bundan əlavə, tədbirdə Türkiyəli millət vəkili də iştirak etdi. Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbəri də anım mərasimində çıxış etdi. Mərasimin ən önəmli çıxışçılarından biri Xocalı sakini, ailə üzvlərini həmin faciəvi gecədə itirmiş jurnalist, yazıçı-publisist Səriyə Müslüm qızı idi. O, həm də 32 ildən sonra Xocalıya qayıdan ilk insanlardandır. Uzun illər həsrətini çəkdiyi Xocalının sürətli inkişafından fərəhlə danışan Səriyə xanım, Vətənimizin və xalqımızın bir daha belə faciələr yaşamamasını arzuladığını bildirdi.
Bu il o, tədbirə xüsusi rəng qataraq özünün “Onlar heç zaman böyüməyəcəklər” (Ze worden nooit volwassen) və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) kitablarının Holland dilində təqdimatını etdi.
Kitab hollandiyalı təqaüddə olan müəllim, yazıçı Henri van Rens tərəfindən tərcümə olunmuşdur. Həmin gecə həyatını itirən qadın və uşaqların həyat və ölüm anlarını təsvir edən bu kitab tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Kitab bir çox dillərə tərcümə olunsa da, Holland dilinə tərcümə olunmasının əsas səbəbi Dünya Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsi olmuşdur. Həqiqətən də, ədalətin mərkəzi sayılan Niderland, Xocalı Soyqırımının ədalətli həllini və bu qətliamı törədənlərin ədalət qarşısında cavab verməsini təmin etməlidir. Lakin çox təəssüf ki, bir çox ölkələr, eləcə də Niderland Krallığı, Xocalı Soyqırımı ilə bağlı ədalət çağırışına susaraq cavab verir.






