Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Əfqan Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, öncə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonra isə Bakı Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. 1985-1987-ci illərdə Əfqanıstan Demokratik Respublikasında gedən döyüşlərdə fəal iştirak edib və "Qırmızı ulduz" ordeni ilə təltif edilib. 1991-ci il 25 dekabrda Azərbaycan Respublikası Milli Qvardiyasının yaranması ilə əlaqədar olaraq bir çox bacarıqlı zabitlər Qvardiyanın təşkili işlərinə cəlb edilib. Hüseynov Əfqan Qaraxan oğlu da 21 yanvar 1992-ci ildə Milli Qvardiyanın sıralarına daxil olub və qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi fərqlənib. O, bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiyanın formalaşmasına sərf edib. Gün-gündən mətinləşən yüksək döyüş hazırlığına yiyələnən Milli Qvardiyanın nəzdində yaradılan yeni alayın ilk komandiri Əfqanıstan müharibəsində böyük döyüş təcrübəsi keçmiş mayor Hüseynov Əfqan Qaraxan oğlu təyin edilib.

Qubadlı, Laçın bölgələrində yaranmış acınacaqlı vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 1992-ci il tarixli Sərəncamı ilə bu alayın şəxsi heyəti, başda alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu olmaqla Qubadlı-Laçın istiqamətinə göndərilib. Alay komandirinin şəxsi iştirakı ilə, alayın şəxsi heyəti bu bölgədə düşmən hücumunun qarşısını alıb və 31 oktyabrda əks hücuma keçərək düşmənin bir çox mövqelərini ələ keçirib, əsas qüvvəsini məhv edib, öz döyüş mövqelərini möhkəmləndirib. Bu döyüşdə alay komandiri mayor Ə.Hüseynov xüsusi fədakarlıq göstərib. Lakin igid komandir 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Əfqan Qaraxan oğlu Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!