Gənc Vətənpərvərlər İctimai Birliyinin mərkəzi ofisində “Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan GVİB-nin sədri, ictimai xadim Muğan Əliyev müqəddəs bayramımız olan Novruz bayramının ilk Su çərşənbəsi münasibətilə təbrik etdikdən sonra qeyd edib ki, fevral ayında elan olunan Xocalı ayının məqsədi Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğunu anlatmaq üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirməkdir.
O, bildirib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək, onları bu vəhşiliyə, özbaşınalığa və misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirməyə sövq etməlidirlər.
Sədr vurğulayıb ki, "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərində misli görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 nəfər xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamamilə məhv edilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir götürülüb”, - deyə müraciətdə vurğulanıb.
Faciə unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsillər də bilməlidir ki, düşmənlərimiz xalqımızın başına nə oyunlar açıblar: “Hamılıqla həmişə ayıq-sayıq olmalı, dövlətimizə qarşı çıxanlara qarşı mübarizə aparmalıyıq.”
Tədbirdə digər çıxış edənlər Xocalıda baş vermiş faciədən danışıblar və bu hadisəni törədənlərin tez bir zamanda məhkəmə məsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulayıblar.












