Böyük hədəflər, idarə heyətindəki siyasi müzakirələr və təşkilati çətinliklər Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (Africa CDC) əsas tədbirlərindən birinin gündəminə çevrilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu barədə jurnalist Rori O’Nilin (Rory O'Neill) 26 noyabr 2026-cı il tarixli məqaləsində qeyd olunur.

Məqalədə bildirilir ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Africa CDC tərəfindən təşkil edilən Afrikada İctimai Səhiyyə üzrə 5-ci Beynəlxalq Konfrans keçirilir. Tədbirin açılışında çıxış edən Africa CDC-nin baş direktoru Jan Kaseya (Jean Kaseya) təşkilatın rəhbərliyi ilə bağlı müzakirələr fonunda çıxış edib.

Məqaləyə görə, Kaseyanın yenidən rəhbər vəzifəyə təyin olunması məsələsi konfransdan bir qədər əvvəl gündəmə gəlib. Belə ki, “Health Policy Watch” nəşrində onun idarəetmə fəaliyyəti və davranışı ilə bağlı irəli sürülən iddialar dərc olunub. Həmin məlumatda təşkilatın əməkdaşlarının daxili müraciətinə istinad edilərək, Africa CDC-nin idarə heyətindən Kaseyanın ikinci müddətə təyin edilməməsinin istənildiyi bildirilib.

Məqalədə bu məsələnin təşkilatın idarə heyətinin gündəliyində olduğu və Kaseyanın gələcək rəhbərliyi ilə bağlı qərarın diqqətlə izlənildiyi vurğulanır.