İqlim fəlakətlərinin sayı və miqyası artdıqca inkişaf bankları zərərlərin aradan qaldırılmasına daha çox vəsait ayırırlar. Bu isə gələcək fəlakətlərin qarşısını almağa yönələn uzunmüddətli investisiyalar üçün ayrılan maliyyə imkanlarını azaldır.

QHT.az xarici mediaya istinadən bildirir ki, oktyabr ayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısı ərəfəsində Taylandda güclü daşqınlar baş verib. Daşqınlardan on gün sonra belə Çaçoenqsao və Praçinburi əyalətlərinin sakinləri sinə səviyyəsinə çatan suyun içində hərəkət edirdilər. Hadisə son 300 ildə baş verməsi ehtimal edilən ən böyük daşqınlardan biri kimi qiymətləndirilirdi.

Daşqınlar nəticəsində Phanom Sarakham bölgəsinin sakini Somjit Thipprom evini, məişət əşyalarını və kənd təsərrüfatı torpaqlarını itirib. Cəmi bir ay əvvəl durian, pomelo və laym yetişdirdiyi bağ sahələri tamamilə məhv olub. Evinin yaxınlığında isə torpaq eroziyası nəticəsində yeni uçurum yaranıb.

Məqalədə BMT-nin 31-ci İqlim Dəyişikliyi Konfransının (COP31) nəticələrinə də toxunulur. Bildirilir ki, çoxtərəfli inkişaf bankları iqlim maliyyələşdirilməsinə dəstəklərini davam etdirsələr də, bu sahədə fikir ayrılıqları artır. Bəzi banklar iqlim maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini azaldır, digərləri isə maliyyə dəstəyini genişləndirməyə çalışırlar.

Müəllifin fikrincə, Taylanddakı daşqınlar inkişaf banklarının fəaliyyətində mühüm dəyişikliyi göstərir. Belə ki, banklar iqlim fəlakətlərinin qarşısını almaq üçün əvvəlcədən investisiya yatırmaq əvəzinə, onların nəticələrinin aradan qaldırılmasına daha çox vəsait xərcləyirlər.

İqlim fəlakətlərinin tezliyinin və şiddətinin artması, inkişaf layihələrinin isə bu sürətə uyğun həyata keçirilməməsi vəziyyəti çətinləşdirir. Nəticədə gələcək risklərin azaldılması və dayanıqlı infrastrukturun qurulması üçün nəzərdə tutulan maliyyə resursları baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldilir.