"Bu gün Xankəndi şəhərinə 22 ailə, 102 nəfər köçürüldü. Lakin bundan əvvəl də Xankəndi şəhərinə 54 ailə, 230 nəfər köçürülüb. Bundan əlavə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə də 43 ailə, 174 nəfər köçürülmüşdür".
Bu fikirləri "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov QHT.az-a açıqlamasında bildirib.
A.Xəlilovun sözlərinə görə, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində köçürülmə prosesi uğurla davam edir və qarşıdakı dövrdə daha çox ailənin köçürülməsi gözlənilir:
"”Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq köçürülmə prosesi uğurla davam edir və yaxın gələcəkdə daha çox ailənin köçürülməsinin şahidi olacağıq".
Anar Xəlilov bildirib ki, böyük quruculuq işləri ilə paralel olaraq əhalinin köçürülməsi də mühüm şərtdir:
"Əlbəttə ki, böyük quruculuq işlərinin getməsi ilə paralel əhalinin də köçürülməsi vacib şərtlərdəndir. Çünki əhalinin köçməsi bərpa-quruculuq işlərinin sürətlənməsinə təkan verir, infrastruktur layihələrinin genişlənməsini zəruri edir. Bu da sosial-iqtisadi inkişafın təməlində duran vacib şərtlərdəndir".
Sədr vurğulayıb ki, sosial-iqtisadi inkişaf bölgənin dayanıqlı inkişafına xidmət edir və Dövlət Proqramının icrası uğurla davam etdirilir:
"Eyni zamanda, sosial-iqtisadi inkişaf bölgənin dayanıqlı inkişafını təmin edir. Hesab edirəm ki, bugün Dövlət Proqramının icrası uğurla davam edir. Ölkə başçısının rəhbərliyi ilə bütün quruculuq-bərpa işləri və böyük infrastruktur layihələri plana uyğun şəkildə uğurla həyata keçirilir".
Sonda Anar Xəlilov Bu işdə üzərinə məsuliyyət düşən dövlət orqanlarının da fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib.
Fatimə Nəbiyeva






