QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti – 15-ci kulinariya təlimi keçirilib.
Yapon mətbəxinə həsr olunan təlim təlimçi Xatirə Xudadarova tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara Yapon mətbəxinin xüsusiyyətləri, suşinin tarixi, hazırlanmasında istifadə olunan əsas ərzaqlar və məhsulların düzgün seçilməsi barədə nəzəri məlumat verilib.
Praktiki hissədə iştirakçılar suşi düyüsünün hazırlanması, ərzaqların düzgün doğranması, nori ilə işləmə və suşinin formalaşdırılması qaydalarını öyrəniblər. Təlimçi Xatirə Xudadarova iştirakçılara suşinin hazırlanma texnikasını əyani şəkildə nümayiş etdirib və onların praktiki prosesdə fəal iştirakını təmin edib.
Təlim iştirakçıların yeni kulinariya bacarıqları qazanmasına, onların peşə hazırlığının artırılmasına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edib.
Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluq imkanlarının artırılması və əmək bazarına inteqrasiyasına dəstək göstərməkdir.






